Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-də professor Əlövsət Abdullayevin şəxsi kolleksiyası qorunur
17.02.2021 12:06
  • A-
  • A
  • A+

MEK-də professor Əlövsət Abdullayevin şəxsi kolleksiyası qorunur

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan dilçiliyinin görkəmli alimlərindən biri, uzun illər dilimizin ən aktual problemlərini tədqiq edərək, bu sahədə bir sıra əsərlərin və dərsliklərin müəllifi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayevin şəxsi kolleksiyası qorunur.

Ə.Abdullayevin şəxsi kolleksiyası görkəmli alimin qızı, filologiya elmləri doktoru Sənubər Abdullayeva tərəfindən 2019-cu ildə MEK-ə hədiyyə olunub.

1250 nüsxə nəşrdən təşkil olunmuş kolleksiyaya Ə.Abdullayevin müəllifi olduğu əsərlərlə yanaşı, dahi yazarların əsərlərindən ibarət ədəbiyyatlar, Azərbaycan, rus, türk, fransız, polyak, özbək, fars, tatar və digər dillərdə lüğətlər, dilçilik elminə aid kitablar, ensiklopediyalar, həmçinin “Qurani-Kərim” daxildir. Bu nəşrlər sırasında Ə.Abdullayevin əsərlərindən “Köməkçi nitq hissələri”, “Dil, siyasət, sosial tərəqqi”, “Müasir Azərbaycan dili, sintaksis”, “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr”, “Sintaksisin aktual məsələləri”, “Azərbaycan dili məsələləri” və digərlərinin adlarını qeyd etmək olar. Kolleksiyada, eyni zamanda Ə.Abdullayevin övladlarının müəllifi olduqları kitablarına da rast gəlinir. Bütün bu kitablar elektron kataloqda həm Azərbaycan, həm də rus dillərində kolleksiya bölməsində əks olunub. Kitabların bir qismi MEK-in Milli Rəqəmsal Yaddaş bazasına əlavə edilib.

Qeyd edək ki, fevralın 17-də professor Əlövsət Abdullayevin anadan olmasının 100 illi tamam olur. Alim 1921-ci ildə  Şamaxı rayonunun Məlikçobanlı kəndində dünyaya gəlib. İlk təhsilini Şamaxı rayonunda alan Ə.Abdullayev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olub, lakin Böyük Vətən müharibəsi başlandığı zaman cəbhəyə yola düşdüyü üçün təhsilini yarımçıq qoyub. Müharibə bitdikdən sonra yenidən universitetə qayıdıb, 1950-ci ildə oranı bitirib.

O, 1954-cü ildə “Müasir Azərbaycan dilində xüsusiləşmələr” mövzusunda namizədlik, 1963-cü ildə isə “Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Ə.Abdullayev 140-dan çox əsər, 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir. Professorun tədqiqat obyekti olan sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya və digər sahələr müasir dilçiliyimizin formalaşmasında önəmli rol oynayır. Ə.Abdullayev yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurdur. Müxtəlif illərdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan dilçilik elmini layiqincə təmsil edib, məruzələr oxuyub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: