İngiltərənin “Oxbow books” nəşriyyat evi ingilis dilində “Damcılı mağarası. Cənubi Qafqazda son pleystosendən holosen dövrünədək bəşəriyyətin tarixinin tədqiqi” (Damjili Cave: Investigating the Late Pleistocene to Holocene Human History in the Southern Caucasus) adlı kitabı nəşr edib.
Əsər Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının 2016-cı ildən etibarən Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun abidələr kompleksinə daxil Damcılı mağarasında (Qazax rayonu, Daş Salahlı kəndinin inzibati ərazisi) apardığı tədqiqatların nəticələrinə həsr edilib.
Tokio Universiteti Muzeyinin direktoru, London Arxeoloji İnstitutunun doktoru, professor Yoshihiro Nishiaki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçisi, Gəncə-Qazax Paleolit arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Azad Zeynalov və institutun aparıcı elmi işçisi, t.ü.f.d. Yaqub Məmmədov kitabın elmi redaktorları və əsərin müqəddiməsinin həmmüəllifləridirlər.
Əsərdə Cənubi Qafqazda Orta Daş (mezolit) dövründən Yeni Daş (neolitə), həmçinin, əkinçi cəmiyyətə keçid barədə təsəvvür yaradan arxeoloji dəlillər təqdim olunub. Burada əksini tapmış tədqiqatlarda Damcılı mağarasında mezolit dövrü təbəqəsi materialları ilə Tovuz rayonunda aşkar olunmuş Cənubi Qafqazın erkən neolit Hacı Ələmxanlı və yetkin neolit Göytəpə məskənlərindəki materiallar və onların analizlərinin nəticələri müqayisəli təhlil edilir.
Həmçinin, 2016-2022-ci illərdə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyətinə həsr edilmiş fəslin həmmüəllifləri sırasında yaponiyalı mütəxəssislər ilə birgə AMEA Arxeologiya və Antropologiya İnstitutun əməkdaşları Mansur Mansurov, Ülviyyə Səfərova, Şahin Səlimbəyov və Orxan Zamanov yer almışlar.
Əsərin xüsusi bölümündə XX əsrin 50-ci illərində Damcılı mağarası ərazisində mərhum arxeoloqlar Məmmədəli Hüseynov və Sergey Zamyatin tərəfindən aparılmış tədqiqatların ingilis dilinə tərcümə edilmiş hesabatları oxucuların diqqətinə təqdim olunub.
Kitabı ərsəyə gətirmiş mütəxəssislər göstərdiyi dəstəyə görə, AMEA Arxeologiya və Antropologiya İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevə və Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru doktor Səadət Əliyevaya təşəkkürlərini bildirmişlər.
Kitab dünya üzrə arxeoloji tədqiqatlar və onların nəticələri barədə elmi ədəbiyyatın nəşri üzrə ixtisaslaşmış “Oxbow books” nəşriyyat evinin abunəçisi olan Amerika və Avropa elmi-tədqiqat mərkəzlərinin kitabxanaları, arxeometrik tədqiqat sahələrinin mütəxəssisləri və tələbələr üçün nəzərdə tutulub.
Qeyd edək ki, nəşr olunmuş bu kitab Fərhad Quliyevin rəhbərliyi və təşkilatçılığı ilə son 20 ildə Azərbaycan və dünya arxeologiyasına böyük töhfələr vermiş müştərək Azərbaycan-Yaponiya arxeoloji ekspedisiyasının fəaliyyəti nəticəsində işıq üzü görmüş üçüncü fundamental tədqiqat əsəridir. 2021-ci ildə Fərhad Quliyev və Yoshihiro Nishiakinin həmmüəlifliyi ilə İngiltərənin “Archaeopress” beynəlxalq elmi nəşriyyatı tərəfindən “Göytəpə: Azərbaycanda, Orta Kür hövzəsində Neolit dövrünün tədqiqatları”, 2022-ci ildə Fərhad Quliyev, Yoshihiro Nishiaki və Seiji Kadowakinin həmmüəlifliyi ilə Almaniyanın “ex Oriente” beynəlxalq elmi nəşriyyatı tərəfindən “Hacı Ələmxanlıtəpə: Qərbi Azərbaycanda erkən neolit məskəninin arxeoloji araşdırmaları” adlı fundamental elmi tədqiqat əsərləri nəşr edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.