AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) nəşr edilən “ANAS Transactions, Earth Sciences” elmi jurnalı nüfuzlu “Scopus” məlumat bazasına rəsmi olaraq qəbul olunub və “Elsevier” beynəlxalq nəşriyyat elmi sisteminə daxil edilib.
1958-ci ildə təsis edilmiş “ANAS Transactions, Earth Sciences” resenziya olunan elmi jurnaldır. Əvvəllər “Proceedings of the Azerbaijan National Academy of Sciences, Earth Sciences” adı ilə nəşr olunan jurnal 2018-ci ildən “ANAS Transactions, Earth Sciences” adlandırılıb.
Jurnal həmçinin dünyanın ən nəhəng nəşriyyatlarından olan “Elsevier” elmi bazasının sisteminə carı ilin fevral ayından daxil edilib (PR-00006761).
Nəşrdə Yer elmlərinin bütün sahələrini əhatə edən tədqiqatlar haqqında məlumatlar, fundamental nəticələr və modelləşdirmələr əksini tapır. Məqalələr beynəlxalq biblioqrafik standartlara uyğun tərtib olunur və ciddi resenziya edilir. “ANAS Transactions, Earth Sciences” jurnalı xarici ölkə alimlərinin də diqqət dairəsindədir və jurnalda Azərbaycan alimləri ilə yanaşı digər ölkə alimlərinin də məqalələri yer alır.
“ANAS Transactions, Earth Sciences” jurnalının “Scopus” bazasına və dünyanın ən böyük nəşriyyatı olan “Elsevier”in elmi bazasına daxil edilməsi Azərbaycanın Yer elmləri sahəsində çalışan alimlərinin gələcək fəaliyyətlərində, apardıqları elmi tədqiqatlarda yüksək informasiya mənbəyi kimi mövqeyini qoruyacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.