Bakı Dövlət Universitetində (BDU) 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq ilk onlayn tədbir keçirilib.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev, Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti, universitetin tələbə və magistrantları, eləcə də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov iştirak ediblər.
Əvvəlcə tədbirin moderatoru İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov çıxış edərək Nizami Gəncəvinin yaradıcılığı, Şərq və dünya ədəbiyyatındakı mövqeyi, əsərlərindəki fəlsəfi fikirlər, ideyalar, onun bədii irsinin dünya ədəbiyyatının, təsviri sənətinin inkişafına təsiri barədə məlumat verib. Bildirib ki, şairin əsərləri hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olub.
Onlayn tədbirdə “Nizami Gəncəvinin ötürücülük və qovuşduruculuq missiyası” mövzusunda məruzə ilə çıxış edən akademik Rafael Hüseynov dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının fəlsəfi fikir tarixində rolundan bəhs edib. O, Nizami irsinin sadəcə ədəbiyyat deyil, musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına da təkan verdiyini bildirib. Şairin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini deyən akademik Rafael Hüseynov BDU-da Nizami irsi ilə bağlı müxtəlif elm sahələri üzrə məqalələr toplusunun nəşr edilməsinin, eləcə də Şərqşünaslıq fakültəsində kalliqrafiya sənətinin tədrisinin əhəmiyyətini vurğulayıb.
Daha sonra universitetin rektoru Elçin Babayev çıxış edərək BDU-da “Nizami Gəncəvi ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planı barədə məlumat verib. O, bu məqsədlə xüsusi komissiyanın yaradıldığını, silsilə elmi konfrans və simpoziumların, seminarların keçiriləcəyini, dahi şairin zəngin söz xəzinəsinə həsr olunmuş sərgilərin təşkil olunacağını, eyni zamanda, akademik Rafael Hüseynovun ideyasını dəstəkləyərək BDU-da nizamişünaslığa həsr olunmuş toplunun çap ediləcəyini söyləyib.
Rektor universitetlə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi arasındakı əməkdaşlıq çərçivəsində mütəmadi olaraq bu cür mühazirə və qiraətlərin təşkilinin dahi şairin ədəbi irsinin öyrənilməsi baxımından əhəmiyyətli olacağını bildirib. Elçin Babayev, həmçinin BDU tələbələrinin Nizami irsinin geniş tədqiq olunduğu ölkələrin elm və təhsil müəssisələrində təcrübə keçmələri və kadr hazırlığı istiqamətində görüləcək işlər barədə də danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.