Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2021 12:08
  • A-
  • A
  • A+

“Biologiya və tibbdə multi-OMİKS yanaşmalar” mövzusunda elmi seminar keçirilib

“Biologiya və tibbdə multi-OMİKS yanaşmalar” mövzusunda elmi seminar keçirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) 27 mart – Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində elmi seminar keçirilib.

Seminarda institutun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, Cənubi Koreya Respublikası Pusan Milli Universitetinin tədqiqatçı-professoru, b.ü.f.d. İsmayıl Zülfüqarovun “Biologiya və tibbdə multi-OMİKS yanaşmalar” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə MBBİ əməkdaşları ilə yanaşı AMEA-nın Botanika, Genetik Ehtiyatlar, Biofizika, Torpaqşünaslıq və Aqrokimya, Mərkəzi Nəbatət bağı, Zoologiya, Dendrologiya, Mikrobiologiya, İnformasiya Texnologiyaları və A.Qarayev adına Fiziologiya institutlarının alimləri də iştirak ediblər. Məruzəçi tərəfindən müasir elmin fenomiks, lipidomiks, katalomiks, konnektomiks kimi yeni sahələri haqqında məlumat verilib, bioloji sistemlər haqqında daha geniş bilik əldə etmək üçün omiks texnologiyaların tətbiqinin zəruriliyi vurğulanıb. O bildirib ki, genomiks orqanizmin genomu, o cümlədən, genlər, ekzonlar, intronlar, promotorlar, transkripsiya faktorları və bir çox genomla bağlı funksiyaları tədqiq edən texnologiyalardan ibarətdir. Orqanizmin transkriptomunu tədqiq edən transkriptomiks, ikincili metabolitləri tədqiq edən metabolomiks texnologiyaları haqqında ətraflı məlumat verilib, müxtəlif xəstəliklərin öyrənilməsində multi-omiks texnologiyaların tətbiqindən, bu tədqiqatlarda istifadə edilən alətlərdən, multi-omiks vasitəsilə yeni texnologiyaların işlənib hazırlanması perspektivlərindən söz açılıb.

İ.Zülfüqarovun çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olub. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: