Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2021 17:00
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda Elm gününə həsr olunmuş tədbirlər keçirilib

Zoologiya İnstitutunda Elm gününə həsr olunmuş tədbirlər keçirilib

AMEA-nın Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji muzeydə onlayn açıq qapı təşkil edilib.

Muzeyin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Bünyatova müəssisənin rəsmi “Facebook” səhifəsində canlı yayım təşkil edərək muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumat verib.

O, Azərbaycan və dünya faunasında yayılan eksponatların zənginliyi və növ müxtəlifliyi, ekspozisiya fondunda sərgilənən balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinifinə daxil olan növlərin həyat tərzi, müasir populyasiya vəziyyəti, yayılması, həmçinin nadir və nəsli kəsilməkdə olan növlərin qorunması istiqamətində görülən işlər barədə  geniş danışıb.

Bununla yanaşı, institutda Elm gününə həsr edilmiş elmi seminar da keçirilib. Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Leyla Həsənova “Azərbaycanda Microtus cinsinə aid ilk molekulyar-genetik araşdırmalar” mövzusu ilə çıxış edib. Məruzəçi molekulyar-genetik tədqiqatlar nəticəsində Azərbaycan ərazisindən tutulan Microtus cinsinin 5 gəmiricisi üçün yeni haplotiplər təsvir verildiyini vurğulayıb. Bu haplotiplər haqqında məlumatlar isə məqalələrdə çap edildikdən sonra GenBank bazasında yerləşdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: