Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2021 17:15
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisə və təşkilatlarında mart soyqırımının qurbanları yad olunub

AMEA-nın elmi müəssisə və təşkilatlarında mart soyqırımının qurbanları yad olunub

AMEA-nın ƏlyazmalarNeft və QazElm TarixiQafqazşünaslıqFizika, Torpaqşünaslıq və Aqrokimya, Molekulyar Biologiya və Biotexnologiyalar, ŞərqşünaslıqDendrologiyaBotanika institutlarında, Hüseyn Cavidin Ev Muzeyində, Lənkəran Regional Elmi Mərkəzində, Naxçıvan Bölməsində, Mərkəzi Elmi Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbirləri, dəyirmi masalar keçirilib, sərgilər təşkil olunub, filmlər nümayiş etdirilib.

Onlayn şəraitdə baş tutan tədbirlərdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qeyd olunub ki, əsrlər boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilib. Bu dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları olub. Onminlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoyub.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini yenidən araşdırmaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına hüquqi-siyasi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Aparılan araşdırmalar nəticəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı.

Həmçinin Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz tərəfindən geniş şəkildə qeyd olundu.

Tədbirlərdə qeyd olunub ki, bu gün alimlərimiz tərəfindən erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir, kitablar hazırlanır.

Sonda bildirilib ki, 31 mart soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vandalizm aktıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: