Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) 2014-cü il üzrə I Hesabat-seçki konfransı keçirilib. Akademiyanın Əsas binasında keçirilən tədbiri şuranın sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famin Salmanov açaraq hesabatı təqdim edib. AMEA Rəyasət Heyətinin “AMEA-nın Gənc alim və mütəxəssislər şurasının yaradılması” haqqında müvafiq Qərarına uyğun olaraq 27 dekabr 2013-cü il tarixində AMEA-nın elmi müəssisələrinin gənc alim və mütəxəssislərinin ümumi yığıncağında Gənc alim və mütəxəssislər şurasının təsis olunduğunu xatırladan sədr bildirib ki, şuranın akademiyaya bağlı 42 təşkilatında yerli eyniadlı şuraları və ümumilikdə 3000-ə yaxın üzvü var. F.Salmanov qeyd edib ki, ölkəmizdə həyata keçirilən elm və gənclər siyasəti, bu sahədəki fəaliyyətin daha səmərəli olmasına yönəlib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi kimi mühüm tədbirlərin həyata keçirilməsi dövlət başçısının müasir gəncliyə və gənc alimlərə diqqətinin parlaq nümunəsidir.
Akademiyada aparılan uğurlu gənclər siyasətindən də danışan Famin Salmanov AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyasında gənc alimlərin rolunu artırmaq üçün kompleks tədbirlərə start verildiyini bildirib.
O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Gənclər Fondu, Bilik Fondu və SOCAR-ın Elm Fondu ilə əməkdaşlıq gənc alimlərin tədqiqat işlərinin dəstəklənməsinə bilavasitə xidmət edir.
GAMŞ rəhbəri bildirib ki, hesabat ilində elmin regionlarda təbliği məqsədilə respublika üzrə “Bu günün şagirdi və sabahın alimi”, “Əyləncəli elm” kimi layihələrə start verilib, həmçinin “Məntiqlə düşün” adlı olimpiada, paytaxt və regionlarda fənn olimpiadaları keçirilib. “Ən son elmi nailiyyətlərimiz” adlı ümumrespublika elmi seminarları da şuranın gördüyü işlər sırasındadır.
Hesabatda qeyd edilib ki, ötən il 10-11 noyabr tarixində Cənubi Qafqazda ilk dəfə keçirilən “Bakı Elm Festivalı-2014"ün hazırlıq prosesinə gənc alimlərin də cəlb edilməsi AMEA rəhbərliyinin GAMŞ-a olan inam və etibarının bariz nümunəsidir.
Beynəlxalq tədbirlərin təşkilindən danışan F.Salmanov SOCAR-ın Elm Fondunun dəsətəyi ilə 15-16 oktyabr tarixində GAMŞ-ın bir sıra institutlarının şuralarının bilavasitə təşəbbüsü və iştirakı ilə “Azərbaycan Respublikasının Neftçilər günü”nə və “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq Elmi Konfransın ötən ilki fəaliyyətdə xüsusi əhəmiyyətə malik olduğunu bildirib. O, Gənclər və İdman Nazirliyi, AMEA, Evrodok və UNESCO-nun təşkilatçılığı ilə baş tutan “Dünya gənc alimlərinin Bakı Forumu”nun təşkili və keçirilməsində GAMŞ-ın yaxından iştirak etdiyini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı arasında əməkdaşlığa dair memorandum imzalandığı bildirilib.
GAMŞ nümayəndələri 8-12 sentyabr tarixlərində Moskvada Rusiya Elmlər Akademiyasının, oktyabrda isə Türkiyə Elmlər Akademiyasının Gənc alimlər şuralarının nümayəndələri ilə görüşlər keçilib və gələcək əməkdaşlığa dair müqavilə imzalayıblar.
Təşkilat rəhbəri, gənc alimlərin idmana marağını artırmaq, asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək məqsədilə Şura tərəfindən “AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası I Futbol Çempionatı” təşkil olunduğunu xatırladıb.
GAMŞ üzvlərinin elmi nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılması, elmin təbliği, şuranın fəaliyyətinin KİV-də işıqlandırılması, müxtəlif mövzulara həsr olunmuş tele-radio layihələrində iştirakından danışan alim, təşkilatın yerli və xarici KİV-lə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Sonra bir neçə gənc alim çıxış edərək, hesabatla bağlı öz fikirlərini bildiriblər.
Daha sonra çıxış üçün söz Gənclər və İdman naziri Azad Rəhimova verilib. Nazir bildirib ki, GAMŞ-ın yaradılması mühüm hadisədir. O, qısa müddətdə intellektual gəncliyin elmi, elmi-təşkilati və ictimai fəaliyyətində müsbət dəyişikliklərin baş verdiyini vurğulayıb. A.Rəhimov elmin təbliğində, innovativ koordinasiyada, beynəlxalq əlaqələr istiqamətində gənc alimlərin həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. Nazir təşkilatın fəaliyyətini və nazirliklə əməkdaşlığını yüksək qiymətləndirib, həmçinin şura ilə əlaqələrin daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək hesabatı müsbət dəyərləndirib. Akademik dövlət gənclər siyasəti və AMEA-da intellektual gəncliyin formalaşdırılmasından və bu istiqamətdə görülən işlərdən danışıb. Ölkə başçısının Fərmanı ilə “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını xatırladan akademik bildirib ki, ölkənin gələcək strateji inkişaf xəttini müəyyənləşdirən bu sənəddə intellektual sərvətin qorunması vacib şərtlərdən biri kimi qeyd olunub. Bu baxımdan Konsepsiya digər sahələrlə yanaşı, Azərbaycan gəncliyi, xüsusən intellektual gənclik qarşısında daha çox vəzifələr qoyur.
Gənclər və İdman Nazirliyinin gənclərlə apardığı işlərə toxunan AMEA rəhbəri, nazirlik tərəfindən gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, onların sağlamlıqlarının qorunması və fiziki inkişafı sahəsində mühüm işlər görüldüyünü, istedadlı gənclərə dövlət qayğısı və gənc ailələrə dövlət yardımı sahəsində təqdirəlayiq addımlar atıldığını vurğulayıb. Qeyd edib ki, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, dünyanın 100-dən çox ölkəsindən 300-ə dək gənc alimin iştirak etdiyi “Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin Beynəlxalq Bakı Forumu”, “Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumu” və bu kimi tədbirlər həyata keçirilib.
Akademik elmi fəaliyyəti ilə fərqlənən AMEA-nın gənc əməkdaşlarına nazirliyin Gənclər Mükafatının verilməsini onların fəaliyyətinin daha da stimullaşdırılmasında mühüm rol oynadığını əlavə edib. Elmin təbliğində, akademiyanın ictimai həyatında, beynəlxalq elmi əlaqələrin genişləndirilməsində və digər istiqamətlərdə gənclərin fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğulayıb.
GAMŞ-ın qarşısında duran əsas vəzifələrdən danışan akademik A.Əlizadə ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” Sərəncamını xatırladıb. Qeyd edib ki, dövlət tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına AMEA institutlarında fəaliyyət göstərən istedadlı gənc alimlər Fransa, Almaniya, Belçika, İsveçrə və digər inkişaf etmiş ölkələrin müvafiq elmi mərkəzlərində təcrübə keçiblər.
Ölkə rəhbərliyinin birbaşa dəstəyi ilə AMEA-da magistratura təhsilinin təşkil olunduğunu diqqətə çatdıran akademik Akif Əlizadə, doktorantura təhsil sisteminin yeni prinsiplər əsasında qurulması istiqamətində də kompleks tədbirlər həyata keçirildiyini əlavə edib.
2015-ci ildə AMEA-nın 70 illik yubileyinin qeyd olunacağını vurğulayan AMEA-nın prezidenti, akademiyanın gələcək uğurlarının gənclərin elmə yanaşmasından, dünyanın qabaqcıl elmi təcrübələrini mənimsəmə və inkişaf etdirməsindən asılı olduğunu söyləyib. Akademik GAMŞ-a gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda şuraya açıq səsvermə yolu ilə yeni üzvlər seçilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.