AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Ədəbiyyat məcmuəsi”nin gənc alimlər üçün Xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərin dövlətimizin qayğısı ilə yüksək səviyyədə əhatə olunduğunu bildirib. Qeyd edib ki, ölkə Prezidenti tərəfindən imzalanmış Sərəncamla “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Dövlət proqramlarından irəli gələn vəzifələr işığında AMEA-da aparılan islahatlar uğurlu nəticələrə yol açmışdır.
Akademiyanın yeni inkişaf mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən danışan akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisələrində gənc alimlərin fəal surətdə elmi axtarışlara qoşulduğunu, akademiyanın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb. İsa Həbibbəyli akademiyanın qədəm qoyduğu müasir inkişaf mərhələsində Ədəbiyyat İnstitutunun gənc əməkdaşlarının da rolunun artdığını diqqətə çatdıraraq elmi-tədqiqat müəssisəsində gənc alimlərin böyük fəallıq göstərərək elmi axtarışlara daha həvəslə can atdıqlarını qeyd edib. Akademik İsa Həbibbəyli institutda nəşr edilən, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasında yer alan “Ədəbiyyat məcmuəsi”nin növbəti sayının gənc alimlərin yaradıcılığına həsr edilməsini zərurətdən yarandığını bildirib. Tamamilə gənc alimlərin elmi məqalələrinin yer aldığı jurnalın bu nömrəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan akademik İsa Həbibbəyli göstərilən istiqamətdə bir sıra yeni tədbirlərin nəzərdə tutulduğunu bildirərək gənc alimlərə uğurlar arzulayıb.
Akademik gündəlikdə nəzərdə tutulan digər bir məsələ - “İlin gənc alimi” nominasiyası üzrə mükafatların qaliblərinin adlarını da açıqlayıb. İsa Həbibbəyli 2014-cü ildəki elmi fəaliyyətlərinə görə “İlin gənc alimi” nominasiyası üzrə qalib gəlmiş filologiya üzrə fəlsəfə doktorları Elnarə Akimova, Aygün Bağırlı və institutun elmi işçisi Nərgiz Cabbarlıya mükafatları təqdim edib.
Tədbirdə Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin “Ədəbiyyat nəzəriyyəsi”nin gənclər sayının ədəbi-nəzəri aspektləri” və institutun XX əsr Azərbaycan ədəbiyyatı (sovet dövrü) şöbəsinin baş elmi işçisi, professor Tehran Əlişanoğlunun “Aktual elmi-ədəbi gənclik və müasirlik” mövzularında məruzələri dinlənilib. Məruzələrdə məcmuənin gənclər sayının bir sıra məziyyətlərindən, elmi istiqamətləri və əhəmiyyətindən bəhs edilib.
Sonra professor Qəzənfər Paşayev, institutun Gənc alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, Ədəbi tənqid şöbəsinin elmi işçisi Nərgiz Cabbarlı və doktorant Mehman Həsən çıxış edərək gənc alimlərə göstərilən diqqət və qayğıdan danışıblar, elmi nəşrlərin xüsusi buraxılışına və verilən mükafatlara görə institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.