Görkəmli Azərbaycan riyaziyyatçısı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Cəfər oğlu Hacıyev fevralın 3-də ömrünün 78-ci ilində vəfat edib.
Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1960-cı ildə universiteti bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilmişdir. İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi və şöbə müdiri və direktor vəzifələrində çalışmışdır.
1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında “Bəzi operatorlar ailələrinin yaxınlaşma xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1964-74-cü illərdə A.Hacıyevin əldə etdiyi nəticələr qeyri-məhdud çoxluqlarda kəsilməz funksiyalar fəzasında təyin olunmuş xətti müsbət operatorlar ardıcıllıqlarının çəkili normalarda yığılması və belə funksiyalara yaxınlaşması istiqamətinin yaranmasında mühüm rol oynamışdır. Bu nəticələrin müəllifi kimi alim dünyanın qabaqcıl riyaziyyatçıları içində öz layiqli yerini tutmuşdur.
A.Hacıyevin tədqiqatlarının mühüm istiqamətlərindən biri də çoxölçülü sinqulyar inteqrallar nəzəriyyəsidir. Burada, məşhur sovet riyaziyyatçısı S.Q.Mixlin 1938-ci ildə simvolun və xarakteristikanın kürədə diferensial xassələrinin tədqiqinə başlamış və kürədə kvadratı inteqrallanan xarakteristikalar sinfində simvolun Sobolev fəzasında olduğunu göstərmişdir. Bu məsələnin həlli üçün A.Hacıyev simvolu təyin edən bürümə operatorunun tərs operatoru mühüm ifadəsini tapmış və kürədə Bessel potensialları fəzalarında simvol və xarakteristikanın qarşılıqlı diferensial xassələrini isbat etmişdir. Bu nəticələr A.Hacıyevin “Çoxölçülü bürümə tipli operatorlar nəzəriyyəsi üzrə tədqiqatlar” adlı doktorluq dissertasiyasının əsasını təşkil etmiş və o, 1982-ci ildə Moskvada, SSRİ Elmlər Akademiyasının V.Steklov adına Riyaziyyat İnstitutunun Müdafiə Şurasında dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
Alim 1985-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə “Riyazi analiz” ixtisası üzrə professor elmi adına layiq görülmüş, 1985-1989-cu illərdə AAK-ın qərarına əsasən Tbilisi Dövlət Universiteti nəzdində regional doktorluq şurasının üzvü təyin olunmuşdur.
1989-cu ildə A.Hacıyev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
2001-ci ildən A.Hacıyev Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, həmin ilin iyul ayından isə akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi olmuşdur. A.Hacıyev 2002-2005-ci illərdə Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” ixtisasları üzrə ekspert komissiyasının sədri , 2005-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat və mexanika ixtisasları üzrə doktorluq müdafiə şurasının sədri olmuşdur.
Alim 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanına əsasən Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2005-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
100-dan artıq elmi əsərin və monoqrafiyanın müəllifidir.
Tanınmış alim və səmimi insan Akif Hacıyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.