Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanın beynəlxalq reytinq hesabatlarında xarici ticarət göstəriciləri təhlil olunub
27.04.2021 17:07
  • A-
  • A
  • A+

Azərbaycanın beynəlxalq reytinq hesabatlarında xarici ticarət göstəriciləri təhlil olunub

AMEA-nın İqtisadiyyat İnstitutunda “Beynəlxalq reytinq hesabatlarında xarici ticarət göstəriciləri” mövzusuna həsr olunan onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan institutun direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu və məruzəçisi barədə məlumat verib.

Tədbirdə sözügedən müəssisənin Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin müdiri, iqtisad elmləri doktoru Fuad Qənbərov “Beynəlxalq reytinq hesabatlarında xarici ticarət göstəriciləri” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatçı xarici ticarət göstəricilərini 4 beynəlxalq reytinq hesabatı üzrə (Qlobal Rəqabətqabiliyyətlilik İndeksi, İqtisadi Azadlıq İndeksi, Qlobal İnnovasiyalar İndeksi və Qlobal İmkanlar İndeksi) təqdim edib. Bildirib ki, bu hesabatlarda xarici ticarət göstəriciləri orta ticarət tarifləri, qeyri-tarif məhdudiyyətləri, tariflərin mürəkkəbliyi və ticarətə açıqlıq göstəriciləri əsasında hesablanır: “Qeyri-tarif baryerlərinin əhatə dairəsi alt indikatoru şirkət rəhbərləri arasında anket sorğusu keçirilməklə müəyyən olunur. Ticarət tarifləri alt indikatoru tətbiq olunan ortalama tarif dərəcəsini ölçür. Ortalama tətbiq olunan tarif hər bir ortaq ölkəyə uyğun olan idxal məhsul payları ilə ölçülən effektiv şəkildə tətbiq olunan dərəcələrin ortalamasıdır”.

Alim qeyd edib ki, Azərbaycan Qlobal Rəqabətqabiliyyətlilik İndeksi hesabatında (2019-cu ildə) 141 ölkə arasında 58-ci, İqtisadi Azadlıq İndeksində (2021-ci il) 178 ölkə arasında 38-ci, Qlobal İnnovasiyalar İndeksində (2020-ci il) 131 ölkə arasında 82-ci, Qlobal İmkanlar İndeksində (2021-ci il) 145 ölkə arasında 51-ci yerdədir.

Sonra məruzəçi sualları cavablandırıb, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsi, bunun müsbət və mənfi tərəfləri, idxal və ixracın strukturu, xarici ticarətə və daxili bazarın qorunmasına təsir göstərən başlıca amillər, ölkənin xarici ticarət göstəricilərinin yaxşılaşdırılması imkanları, beynəlxalq təcrübə, əsas gözləntilər və digər məsələlər ətrafında maraqlı və geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: