Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Primatların beyin ölçüsü ilə sosial təmasların sayı arasında əlaqənin olması fikri təsdiqini tapmadı
06.05.2021 10:15
  • A-
  • A
  • A+

Primatların beyin ölçüsü ilə sosial təmasların sayı arasında əlaqənin olması fikri təsdiqini tapmadı

İsveç alimləri britaniyalı antropoloq Robin Danbarın apardığı hesablamanı təkrar ediblər, lakin onun 1992-ci ildə irəli sürdüyü nəzəriyyənin - dostların sayı ilə insanların və digər primatların beyin ölçüləri arasında əlaqənin olması fikrinin təsdiqini tapmayıblar. Bu barədə “Biology Letters” jurnalı Stokholm Universitetinə istinadla məlumat yayıb.

Stokholm Universitetinin dosenti Patrik Lindenforsun sözlərinə görə, yeni tədqiqat zamanı Danbar rəqəminin alındığı nəzəri əsasların möhkəm olmadığı məlum olub. Digər primat növlərinin beyini informasiyanı insanda olduğu kimi emal etmir. Müxtəlif primat qruplarının formalaşmasına isə nə ilə qidalandıqları və onlara hansı vəhşilərin hücum etdiyi kimi amillər təsir göstərir. Bundan başqa, insanlar arasında sosial əlaqələrin tipik ölçüləri çox fərqlidir.

Danbar rəqəmi 1992-ci ildə məşhur britaniyalı antropoloq Robin Danbar tərəfindən elmə daxil edilib. O diqqət yetirib ki, primatlar arasında sosial qrupların tipik ölçüləri bütövlükdə onların beyininin ölçüsü və xüsusən böyük yarımkürələrin qabığının sahəsi ilə nə yollasa bağlıdır. Bu ideyanı yoxlamaq üçün britaniyalı tədqiqatçı 38 növ primatın beyinini tutuşdurub ki, bu da onun hesablamalarını bütövlükdə təsdiqləyib və ona insanlar arasında sosial əlaqələrin maksimum sayını dəyərləndirməyə imkan yaradıb. Bu rəqəm təxminən 150 olub.

Lindenfors qeyd edir ki, Danbarın ideyaları ilə bir çox antropoloqlar razılaşmasa da, bu fikir həm elmi, həm də geniş ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu səbəbdən də Danbar rəqəmindən onlayn layihələrin, biznes və dövlət strukturlarının, yüzlərlə və minlərlə insan həyatına toxunan layihələrin işlənib-hazırlanmasında istifadə edilib.

İsveç antropoloqları isə zooloqların son otuz ildə topladıqları əksər primat beyini və onun qabığının ölçüləri üzrə dəqiqləşmiş məlumatlardan və ən yeni statistik metodlardan istifadə etməklə Danbar rəqəmini dəqiq müəyyənləşdirməyin mümkün olub-olmadığı ilə maraqlanıblar. Ümumilikdə alimlər 70 növ primatın, eləcə də insanların qrup və beyin ölçüləri ilə bağlı dəqiq məlumat əldə ediblər. Onlar Danbar rəqəmini hesablamaq üçün eyni vaxtda bir neçə statistik metoddan istifadə etməklə bu məlumatları tutuşdurublar. Lakin müxtəlif yollarla əldə edilmiş Danbar rəqəminin qiymətləri arasında fərq böyük olub. Bəzi hallarda bu, 500-ü ötüb, digər hallarda isə 10-dan az olub.

Buna görə də İsveç alimləri müəyyən layihələrin reallaşdırılması məsələsinə ehtiyatla yanaşmağı məsləhət görürlər.

AzərTac

  • Paylaş: