Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Nadir komandir, nadir şəxsiyyət – general Polad Həşimov
24.05.2021 10:46
  • A-
  • A
  • A+

Nadir komandir, nadir şəxsiyyət – general Polad Həşimov

Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi.

Qədim və şərəfli tarixə malik Azərbaycan xalqı da öz azadlıq və istiqlaliyyəti uğrunda əsrlərlə mübarizə aparmış, onun naminə minlərlə oğul və qızını qurban vermişdir. Bu günümüzün qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlarımız isə son dövrlərin - Qarabağ savaşının qəhrəmanları, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərdir.

Azərbaycanın qəhrəman oğullarından biri - 14 iyulda Tovuz istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhid olan, Azərbaycan ordusunun general-mayoru Polad Həşimovdur.

Müharibədə döyüş də var, şəhidlik də. Ancaq vətənə görə döyüşmək lazımdır. Bu döyüşlər Silahlı Qüvvələrimizin bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Milli Ordumuzun şanlı tarixində öz yeri olacaq.

Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulmuşdur. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli orta məktəbi bitirmişdir. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirmişdir. 1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirmiş, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak etmişdir. Həmçinin 1994-cü ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçmiş, hərbi təhsilini təkmilləşdirmişdir. Həmin ilin fevral ayında Murovdağı silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşmuşdur. 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlmişdir. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuş, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi almışdır. 2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət etmişdir.

Polad Həşimov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli əmri ilə “Hərbi xidmətlərə görə” və 25 iyun 2009-cu il tarixli əmri ilə “Vətən uğrunda” medalları ilə, 24 iyun 2014-cü il tarixli əmri ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli əmri ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılmışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuşdur. 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə birinci Ordu Korpusunun Qərargah rəisi olmuş, döyüş zamanı yaralanmışdır. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır. 25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilmiş, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin üçüncü Ordu Korpusunun Qərargah rəisi təyin olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olmuşdur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olmuşdur. 14 iyul tarixində general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. 15 iyul tarixində II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunmuşdur. Ailəli idi. Üç övladı yadigar qalmışdır.

2020-ci ilin avqust ayında “Qanun” nəşriyyatı tərəfindən general-mayor haqqında “Polad generalımız” adlı kitab nəşr edilmişdir. Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilmişdir. Həmçinin 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə “Paşam, hey” adlı mahnı və klip hazırlamışdır. “Hədəf nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində “General Polad Həşimov xatirələrdə” kitabı nəşr edilmişdir. 28 oktyabr 2020-ci ildə Türkiyə Respublikasının Bursa şəhər Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə general-mayor Polad Həşimovun şəxsi əşyaları təhvil verilib. Əşyalar P.Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə verilib. Bunlar şəhidin istifadə etdiyi hərbi geyim səhra forması – şalvar, kitel və papaqdan ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub. Bu dəyərli materiallar muzeydə yeni yaradılan “Anadır arzulara hər zaman, Qarabağ” adlı sərgidə nümayiş olunur.

Erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə yüksələn general-mayor Polad İsrayıl oğlu Həşimovun xatirəsi xalqımız tərəfindən daim xatırlanacaqdır.

Aynur BABAYEVA, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: