Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi önəm verilirdi
28.05.2021 13:39
  • A-
  • A
  • A+

Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi önəm verilirdi

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirdiyi tədbirlər, ən başlıcası dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub. Cümhuriyyət dövründə ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bu sənəd Azərbaycanda milli dil siyasətinin formalaşmasının əsasını qoyub.

Bu sənədlə yanaşı, AXC hökuməti 1918-ci il avqustun 28-də “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında”, 1919-cu il fevralın 11-də isə Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərarlar qəbul edib. Bundan əlavə, 1919-cu il martın 21-də AXC Nazirlər Şurasının qərarı ilə ərəb əlifbası islahatı üzrə komissiya yaradılıb.

AXC parlamentinin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Dövlət Universitetinin açılması ilə bağlı çıxışlarda dil məsələsinə xüsusi önəm verilib. Universitetin ilk nizamnaməsində yazılıb ki, dərslər bütün fakültələrdə Azərbaycan dilində keçirilməlidir. AXC hökumətinin vacib tədbirlərindən biri milliləşmiş və milli olmayan orta məktəblərdə Azərbaycan tarixi və ədəbiyyatının tədrisi məsələsi idi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyasının xətti ilə 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Rəhbər cəbr dərslikləri” nəşr olunub.

23 ay ömür sürməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti cəmiy­yətin bütün sferalarında  bir sıra quruculuq iş­lə­ri görüb. Belə tədbirlərin çoxu dil məsələlərinə həsr olunub.

Təranə ŞÜKÜRLÜ, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: