Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.05.2021 14:29
  • A-
  • A
  • A+

Arxeoloq alim beynəlxalq konqresdə videotəqdimatla çıxış edib

Arxeoloq alim beynəlxalq konqresdə videotəqdimatla çıxış edib

25-29 may tarixlərində Portuqaliyanın Evora və Lissabon universitetlərinin təşkilatçılığı ilə “Avrasiyada kurqanlar və meqalitlər” (“Tumuli and Megaliths in Eurasia”) adlı beynəlxalq arxeoloji konqres keçirilib.

Tədbirin əsas mövzusu Avrasiyada meqalit (təbii və ya insanların yaratdığı inanc ənənələrini ehtiva edən daş abidələr) və kurqan tipli qəbir abidələrinin müasir elmi tədqiqat metodlarının mübadiləsi, oxşarlıqların və yerli fərqlərin təyini olub. Həmçinin konqresdə kurqan və meqalitlərin qorunması üzrə beynəlxalq əməkdaşlığın istiqamətləri müzakirə edilib. Tədbirin  təşkilatçıları dünyanın 35 dövlətini (ABŞ, İngiltərə, İsrail, Rusiya, Çin, Yaponiya, Braziliya və s.) təmsil edən arxeoloqların 46 videotəqdimatını “Youtube”da konqresin “Tumuli Eurasia” kanalında yerləşdiriblər.

Sözügedən konqresdə ölkəmizi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov təmsil edib. P.Qasımovun ingilis dilində “Orta tunc dövrünün sonundan İskit dövrünədək Avrasiya kurqanlarında qeyd edilmiş iki oxşarlıq barədə” (About two analogies fixed in the kurgans of Eurasia from the end of Middle Bronze to Scythian epoch) videotəqdimatı maraqla qarşılanıb. Təqdimatda Azərbaycanın Tovuz bölgəsindəki tunc dövrünə aid Topdağdağan kurqanlarında qeyd edilmiş iki ənənənin Avrasiyadakı paralelləri barədə faktlar konqres iştirakçılarının diqqətinə çatdırılıb.

Videotəqdimatda göstərilib ki, istifadədən çıxmış obsidian qaşovların, qüsura malik zoomorfik daş fiqurların, sınmış dən daşlarının və d. zədəli əşyaların bilərəkdən kurqanın daş örtüyünə yerləşdirilməsi adəti Topdağdağan kurqanlarında rast gəlinib. Eyni adət  həm də Mərkəzi Asiyanın sak kurqanlarında izlənilib. Həmçinin qəbir kamerasının üzərini dövrələyən dairəvi sədd həm Topdağdağan, həm də  Cənubi Volqanın Srubnaya arxeoloji mədəniyyətinin və Cənubi Uralın erkən iskit kurqanlarında inşa edilirdi. Bu oxşarlıqların mənşəyi bir elmi problem kimi videotəqdimatda alimlər qarşısında qaldırılıb.

Bundan əlavə, Mərkəzi Asiyanın sak dövrü və Topdağdağan kurqanlarında daş bütlərin (stelalar) yerləşdirilməsi ənənəsinə aid əyani nümunələr göstərilib. Eyni zamanda 2021-ci ilin yanvar ayında Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunda (Ağstafa rayonu) aparılmış xilasetmə qazıntıları zamanı aşkar edilən orta tunc dövrünə aid daş düzümləri də videotəqdimatda sərgilənib.

Mayın 28-də isə onlayn konfransda konqres üzvlərinin videotəqdimatlarındakı elmi yeniliklər, qarşılıqlı əməkdaşlıq və d. mövzular üzrə fikir mübadiləsi aparılıb. Öz çıxışında P.Qasımov toxunulmuş problemlərlə əlaqədar fikirlərini bildirib. O, videotəqdimatında nümayiş etdirdiyi Haça-Qaya piri misalında, müsir dövrdə də etnik və dini mənsubiyyətindən asılı olmayaraq azərbaycanlılar arasında meqalitik ənənələrin yaşadığını konqres iştirakçılarının nəzərinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: