AMEA-nın İqtisadiyyat İnstitutunda “Vergilərin ödənilməsi indeksi üzrə “Doing Business” hesabatında Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə müəssisənin direktoru, professor Nazim İmanov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.
Sonra institutun Maliyyə, pul-kredit siyasəti şöbəsinin müdiri, dosent Yaşar Məmmədov məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda vergi mühitinin yaxşılaşdırılması və onun biznes fəaliyyətinə müsbət təsirlərinin artırılması məqsədilə qanunvericilik bazası təkmilləşdirilib, vergi inzibatçılığının səmərəliliyinin artırılması ilə bağlı əməli addımlar atılıb və bu proses hazıda da davam etməkdədir. Onun sözlərinə görə, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 2016-cı il 13 iyul tarixli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında vergi göstəricilərinin yüksəldilməsi istiqamətləri müəyyənləşdirilib: “Bu istiqamətlər vergi ödənişləri sahəsində vaxt, icra, əməletmə kimi vacib amilləri əhatə edir. Ölkəmizdə vergi islahatlarının davamlı olaraq həyata keçirilməsi iki məqamdan vacib hesab olunur. Birincisi, bu islahatlar “Doing Business” hesabatı və digər beynəlxalq təşkilatların reytinqlərində ölkəmizin mövqeyinə müsbət təsir göstərməklə, xarici iqtisadi əlaqələrin genişlənməsinə, əlverişli investisiya mühitinin gücləndirilməsinə müsbət təsir göstərəcək. İkincisi, ölkədə qeyri-neft sektorunun inkişafı və makroiqtisadi göstəricilərin yüksəldilməsi kimi vacib məsələlərin həllinə nail olunacaq”.
Dünya Bankının “Doing Business” reytinqində vergilərin ödənilməsi indeksinin əsas mahiyyəti barədə danışan Y.Məmmədov bildirib ki, bu indikator özündə vergi ödənişlərini (il üzrə sayı), vaxt (il üzrə saatlar), ümumi vergi dərəcəsi (mənfəətə nəzərən %-lə) və bəyannamələr təqdim edildikdən sonra prosedurlar indeksi adlı 4 subindikatorları birləşdirir: “Azərbaycanda həyata keçirilən vergi islahatları son dövrlərdə ölkənin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilən reytinq sırasındakı mövqeyinə müsbət təsir göstərib. Vergi islahatları həm də qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, biznes mühitinin sağlamlaşdırılması kimi məqamlar baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Alimin sözlərinə görə, “Doing Business 2019” hesabatında Azərbaycan vergilərin ödənilməsi indeksi üzrə kifayət qədər müsbət dəyişiklik nümayiş etdirib, 190 ölkə arasında 85.23 balla 28-ci yerdə qərarlaşıb. O, Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında mövqeyinin yüksəldilməsi və ölkədə vergi mühitinin daha da yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrini də səsləndirib.
Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında, o cümlədən Azərbaycanda aparılan vergi islahatları, vergi dərəcələri, dövlətin vergi siyasəti və sosial öhdəlikləri, vergi ödəmələri, vergilərin biznes üçün əlverişliliyi və stimullaşdırıcı rolu ilə bağlı maraqlı və geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.