Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2021 10:32
  • A-
  • A
  • A+

Naxçıvanda mineral su bulaqlarının fiziki-kimyəvi xüsusiyyətləri öyrənilərək sistemləşdirilib

Naxçıvanda mineral su bulaqlarının fiziki-kimyəvi xüsusiyyətləri öyrənilərək sistemləşdirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının mineral suyu - Badamlı” mövzusunda elmi konfrans keçirilib.

Badamlı mineral sular zavodunda baş tutan tədbiri giriş sözü ilə Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev açaraq elm və istehsalatın qarşılıqlı təsirindən bəhs edib. Bildirib ki, istehsal prosesində qarşıya çıxan müxtəlif məzmunlu problemlərin həlli elmin inkişafına təkan verir, elm adamlarını yeni-yeni axtarışlara sövq edir. Böyük zəhmət tələb edən proseslərin  avtomatlaşdırılması, yüksək texnoloji proseslərdən istifadə edilməsi, insan əməyinin əhəmiyyətli dərəcədə yüngülləşməsi bu inkişaf və təkmilləşmənin nəticəsidir. Bu amili fəaliyyətində əsas meyar kimi qəbul edən  Təbii Ehtiyatlar İnstitutu muxtar respublikanın müxtəlif sənaye müəssisələri ilə sıx əməkdaşlıqlarını davam etdirməkdədir.

Konfransda Təbii Ehtiyatlar İnstitutunun əməkdaşlarından kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova “Naxçıvan Muxtar Respublikasının mineral suları”, kiçik elmi işçi İlahə Seyidova “Mineral suların yayılma xüsusiyyətləri”, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov “Mineral suların fiziki-kimyəvi xüsusiyyətləri”, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva “Mineral suların müalicəvi əhəmiyyəti” və Badamlı MMC-nin laboratoriya müdiri Ziyafət Məmmədov “Badamlı zavodunun yaranma tarixi və inkişafı” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan mineral su ehtiyatları, onların yayılma xüsusiyyətləri, müalicəvi əhəmiyyəti və digər bir sıra mühüm məsələlərə diqqət çəkilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası dünyanın ən zəngin mineral su ehtiyatlarına malikdir. 250 mineral su mənbəyinin mövcud olduğu muxtar respublikada mineral su bulaqlarının əsas fiziki-kimyəvi xüsusiyyətləri öyrənilərək sistemləşdirilib.

Hər bir insanın suya olan gündəlik təlabatının qarşılanmasında mineral suların əhəmiyyətindən bəhs olunaraq vurğulanıb ki, muxtar respublika ərazisində mövcud olan mineral sular zəngin tərkibinə və insan orqanizminə olan faydasına görə xüsusilə qiymətlidir. Məruzələrdə mineral suların istər süfrə suyu kimi, istərsə də müalicəvi məqsədlərlə istifadə imkanları, növündən və tərkibindəki mineral duzların miqdarından, müxtəlif elementlərin və qazların olmasından asılı olaraq insan orqanizminə göstərdiyi fizioloji təsirlərdən bəhs edilib. Mənşəyinə görə mineral suların təbii və süni növləri haqqında, təbii mineral sulara mənsub 4 növ - hidrokarbonatlı, xlorlu, sulfatlı və bioloji aktiv sular haqqında ətraflı məlumat verilib. Kimyəvi tərkibindən və süzülmə üsulundan asılı olaraq mineral suların mövcud olan 4 texnoloji qrupu xarakterizə olunub. Sirab, Əshabi-kəhf, Badamlı mineral su yataqları haqqında dinləyicilərə müfəssəl məlumatlar çatdırılıb. Suların təbii formalaşmasında ərazinin relyefi, çay şəbəkəsi, geoloji mühiti və iqlimi kimi mühüm amillərin önəmi vurğulanıb. Konfransda, həmçinin Badamlı zavodunun yaranma tarixi, keçdiyi inkişaf yolu və müəssisənin qədəm qoyduğu yeni inkişaf mərhələsi ilə bağlı məlumatlar iştirakçıların nəzərinə çatdırılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Sonda konfrans iştirakçıları Badamlı mineral sular zavodu ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: