AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) AR Mərkəzi Bankı tərəfindən “Maliyyə savadlılığı” mövzusunda onlayn maarifləndirici seminar keçirilib.
Tədbiri institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq ölkəmizdə vətəndaşların maliyyə savadlılığının artırılması istiqamətində atılan addımların önəminə toxunub, bu yöndə İSİ-nin müxtəlif dövlət qurumları ilə müvafiq əməkdaşlıq etdiyini bildirib.
Sonra çıxış edən Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova qeyd edib ki, bu cür seminarlar əhalinin maliyyə məhsulları və xidmətləri haqqında geniş məlumatlandırılması, onlar tərəfindən rasional maliyyə qərarlarının verilməsi üçün müvafiq bilik və bacarıqlarının artırılmasını hədəfləyir. X.Hüseynova diqqətə çatdırıb ki, maliyyə problemlərinin aradan qaldırılması əhaliyə gündəlik həyatda və iş sahəsində daha məhsuldar olmağa şərait yaradır.
“Maliyyə savadlılığı və e-resurslar” mövzusunda təqdimatla çıxış edən Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov isə bildirib ki, maliyyə savadlılığı düzgün maliyyə qərarlarının verilməsi və fərdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq, baxış və davranışlar toplusudur. Qeyd edib ki, maliyyə xidmət və məhsullarına qarşı rasional davranışların aşılanması onlardan daha səmərəli istifadəyə və düzgün seçimlər etməyə imkan verir. O, vətəndaşların bu və ya digər maliyyə məsələlərinin həlli üçün Mərkəzi Bankın xidmətlərindən və informasiya resurslarından necə istifadə etməsinin yollarını da izah edib. Məruzəçi, həmçinin pandemiya dövründə maliyyə əməliyyatları, ödənişlər və digər məsələlər barəsində tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Azərbaycan Bank Tədris Mərkəzinin biznesin inkişafı üzrə meneceri Rauf Ağayev “Məsuliyyətli borclanma” mövzusunda təqdimatla çıxış edərək maliyyə savadlılığının düzgün qərar vermək baxımından önəmli olduğunu vurğulayıb. R.Ağayev pul kreditinin xüsusiyyətləri, bankın seçilməsi, kreditin və təminatın müəyyən edilməsi meyarları və digər borclanma xüsusiyyətləri barəsində də tədbir iştirakçılarını məlumatlandırıb.
Seminarda, həmçinin mövzular ətrafında sorğular və müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırlıb.
Qeyd edək ki, silsilə keçirilən seminara sabah yekun vurulacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.