Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2021 17:22
  • A-
  • A
  • A+

“Pandemiya şəraitində elmi tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda dəyirmi masa keçirilib

“Pandemiya şəraitində elmi tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda dəyirmi masa keçirilib

İyunun 3-də Mərkəzi Elmi Kitabxanada (MEK) “Pandemiya şəraitində elmi tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının, eləcə də bir sıra ali təhsil məktəblərinin kitabxana müdirləri iştirak ediblər.

Əvvəlcə MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək kitabxanaların insanların maariflənməsi, yeni biliklər əldə etməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. COVID-19 pandemiyası səbəbindən hazırda MEK-də kitabxana fəaliyyətinin dayandırıldığını vurğulayan baş direktor qurumun fəaliyyətinin yenidən bərpa olunması üçün çoxsaylı müraciətlər olunduğunu söyləyib. O, rəhbərlik etdiyi müəssisədə pandemiya dövrünün tələblərinə əməl edilməsi, sosial məsafənin qorunması üçün hər bir şəraitin mövcud olduğunu deyib.

Professor dəyirmi masanın pandemiya şəraitində elmi tədqiqatların kitabxana-informasiya təminatı ilə bağlı işlərin dövrün tələblərinə uyğun qurulması istiqamətində həyata keçiriləcək tədbirlərin müzakirəsinə həsr olunduğunu söyləyib, dəstək göstərən AMEA-nın institut və təşkilatlarının rəhbərlərinə təşəkkür edib.

Məmməd Əliyev bu yaxınlarda MEK-də Azərbaycanda ilk dəfə Qarabağ müharibəsi qəhrəmanlarının Fondunun yaradılacağını diqqətə çatdırıb, bu istiqamətdə tamamlanma işlərinin aparıldığını bildirib. Həmçinin Fonda şəhid-polkovnik Babək Səmidlinin bacısı Roksana Səmidlinin rəhbərlik edəcəyini vurğulayıb. Baş direktor kitabxana resurslarından istifadənin AMEA əməkdaşları ilə yanaşı, Birinci və İkinci Qarabağ müharibəsi veteranları, şəhid ailələri üçün ödənişsiz olduğunu da diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva Mərkəzin elektron kitabxanaçılıq fəaliyyəti barədə məlumat verib, ənənəvi resursların elektronlaşdırılması istiqamətində ADA Universiteti ilə 2020-ci ildən əməkdaşlığa başlanıldığını bildirib. O, digər universitetlərdə vahid kitabxana sisteminin olmamasının bu sahədə əməkdaşlıq əlaqələrinin qurulmasına maneə törətdiyini qeyd edib.

Mərkəz direktoru pandemiyanın kitabxanaçılıq fəaliyyətinə müsbət və mənfi təsirlərindən danışıb, elektron kitab mübadiləsinin həyata keçirilməsində rast gəlinən problemlərdən bəhs edib.  

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzinin əməkdaşı, proqramçı Firudin Əsgərov Mərkəzin fəaliyyətinin pandemiya şəraitində də davam etdirildiyini bildirib. F.Əsgərov Mərkəzdə 1500-ə yaxın  kitab, 1200-ə yaxın məqalə, 1600 konfrans materialının və s. mövcud olduğunu deyib.

Əlavə edib ki, kitabxanada təhlükəsizliyin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyası quraşdırılıb. Onun sözlərinə görə, resursların meta-verilənlərinin hazırlanması, sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur. F.Əsgərov Mərkəzdə resursların təsnifatı və predmetləşdirilməsinin ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirildiyini vurğulayıb.

Sonra çıxış edən Xəzər Universitetinin kitabxanasının direktor müavini Aytac Misgərli qeyd edib ki, pandemiya dövründə universitet kitabxanasının fəaliyyətində bir sıra çətinliklər yaşanmasına baxmayaraq, elektron arxivlərdəki kolleksiyaların sayı artırılıb, bütün tələbə və magistrantlar tərəfindən ünvanlanan suallar cavablandırılıb, sorğuların nəticələrinə əsasən ən çox müraciət olunan kolleksiyalar müəyyələnləşdirilib. Onun sözlərinə görə, Xəzər Universitetində ingilis dilində təhsil həyata keçirildiyi üçün bu dildə olan elektron kitabların əldə olunmasına beynəlxalq təşkilatlar tərəfindən dəstək göstərilib, eyni zamanda digər universitet kitabxanalarının resurslarından yararlanılıb.

Dəyirmi masada mövzu ətrafında gedən müzakirələrdə, həmçinin Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının Elmi Kitabxanasının müdiri Nərmin Abdullayeva, AMEA-nın İqtisadiyyat İnstitutunun kitabxana müdiri Şəfəq İslamova və digərləri iştirak ediblər. Tədbirdə kitabxanalarda ən son proqram təminatının tətbiqi, yeni informasiya bazalarından, antiplagiat sistemlərdən istifadə, bir sıra müəssisələrdə elektron kataloqların yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Sonda çıxış edən MEK-in baş direktoru Məmməd Əliyev bu kimi dəyirmi masaların davamlı olaraq keçirilməsinin elmi tədqiqatların kitabxana-informasiya təminatı ilə bağlı mövcud problemlərin həlli istiqamətində mühüm nəticələrin əldə olunmasına şərait yaradacağına inamını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: