Fevralın 11-də AMEA Rəyasət Heyətinin növbəti iclasında Biologiya və Tibb (BTEB) və Aqrar Elmlər Bölmələrinin (AEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətləri barədə məruzələri dinlənilib.
İclasda AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminin inkişafında xidmətlərinə görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevə ali dövlət mükafatını təqdim edib.
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məlumat verən bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov hesabat ilində biologiya və tibb sahəsində aparılan elmi və tətbiqi tədqiqatlardan danışıb. Bildirib ki, bölmənin elmi müəssisələri fəaliyyətlərinə uyğun olaraq “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramı və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının icrasında iştirak edib və elmi-tədqiqatlar haqqında hesabatları müvafiq idarələrə təqdim edib.
Bölmənin biologiya elmi üzrə müəssisələrində elmi-tədqiqat işləri ölkəmizdə flora, fauna və mikroorqanizmlərin biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi, canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları istiqamətində, tibb elmləri sahəsində tədqiqatlar isə əhalinin sağlamlıq vəziyyəti, yayılmış xəstəliklərin epidemiologiyası, kliniki xüsusiyyətləri, innovativ texnologiyalar əsasında diaqnostika və müalicə-profilaktika tədbirlərinin təkmilləşdirilməsi, ətraf mühitin və ekoloji amillərin əhalinin sağlamlığına təsirinin tədqiqi, regional təbii vasitələrdən istifadə etməklə yeni profilaktika və müalicə üsullarının işlənib hazırlanması istiqamətində aparılıb.
Vurğulanıb ki, AMEA-nın prioritet istiqamətləri üzrə elan etdiyi innovativ layihələrdə bölmə əməkdaşları 12-si multidisiplinar xarakterli olmaqla 28 layihə təqdim edib. Hər il olduğu kimi, bölmə institutları yerli ali təhsil mərkəzlərinin müvafiq kafedraları ilə, ümumilikdə 78 xarici elmi mərkəzin institutları ilə əməkdaşlığı davam etdirir. Bölmə institutlarının əməkdaşları il ərzində müxtəlif respublika və beynəlxalq qrant layihələrində iştirak edib və 37 qrantın qalibi olub.
Daha sonra AMEA Aqrar Elmlər Bölməsinin akademik katibi, akademik Qərib Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, bölmənin fəaliyyət planına uyğun olaraq Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı, Eroziya və Suvarma İnstitutu tərəfindən isə Аbşеrоn şərаitində zеytun bitkisi üçün аzintеnsivli suvаrmа sistеmləri işlənib hazırlanıb.
Hesabat ilində bölmənin elmi istiqamətləri üzrə altı problemə dair 41 mövzu üzrə 111 tədqiqat işi aparılıb, doqquz mövzu və 13 iş tamamlanıb. Bölmə üzrə elmi fundamental və tətbiqi tədqiqatlar sahəsində 17 mühüm nəticə əldə edilib. Tətbiq planında nəzərdə tutulmuş üç iş yerinə yetirilib.
Akademik Q.Məmmədov “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində həyata keçirilmiş tədbirlər haqqında da məlumat verib. Bildirilib ki, ötən il institutda elmi tədqiqatlar müasir metodikaların istifadəsi ilə xeyli dərinləşdirilib, bir sıra mühüm elmi nəticələr alınaraq impakt faktorlu və resenziyalı jurnallarda çap edilib. Azərbaycanda mədəni bitkilərin yabanı əcdadlarının 22 fəsilə və 45 cinsə aid 185 növdən ibarət Qırmızı siyahısı tərtib olunub. Həmçinin genetik modifikasiya olunmuş bitkilərin identifikasiyası üzrə metodika təkmilləşdirilib və onun qadağan olunması haqqında buklet hazırlanıb.
Qeyd edilib ki, hazırda bölmə üzrə 46 əyani və bir qiyabi doktorant təhsil alır. Ötən il 13 doktorant təhsilini başa vurub. Bundan əlavə, bölmənin müəssisələrində 40 nəfər mütəxəssis dissertant kimi elmi tədqiqat işi aparır. Bölmə üzrə 10 dissertasiya işi müdafiə edilib, 6-sı isə müdafiəyə hazırlanıb. Bölmə üzrə 11 iş patentə təqdim olunub. Alimlərin biri xaricdə olmaqla beş monoqrafiyası, biri xaricdə olmaqla altı kitabı, o cümlədən bir dərslik, elmi və elmi-kütləvi nəşrlər dərc olunub. Ötən il elmi mətbuatda ümumilikdə 271 məqalə çap edilib ki, onlardan 17-si impakt faktorlu jurnallarda, 78-i isə digər nüfuzlu xarici elmi jurnallarda dərc olunub. Həmçinin 103 tezis (69-u xaricdə) çap edilib. Bölmə alimlərinin əsərlərinə 130 istinad olub.
Hesabatda qrant müsabiqələrinə təqdim olunan layihələrdən də söz açılıb. Bildirilib ki, ötən il 19 qrant layihəsi üzrə işlər plana uyğun icra edilib. Bunlardan 13-ü xarici ölkə alimləri ilə birgə alınan qrantlardır.
Sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Akademiklər İbrahim Quliyev, Vaqif Fərzəliyev, Adil Qəribov, Akif Əzizov və başqaları suallarla çıxış ediblər. Müzakirələrdən sonra hər iki hesabatın AMEA-nın illik hesabatına daxil edilməsi barədə qərar qəbul olunub.
İclasda AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları məsələsinə də toxunulub. Bildirilib ki, 2014-cü ildə elmi-tədqiqat proqramlarının seçilməsi və maliyələşdirilməsi məqsədilə müsabiqə elan edilib. Müsabiqəyə təqdim olunmuş proqramlar Ekspert Komissiyası və müvafiq elmi bölmələrin rəyinə əsasən müəyyənləşdirilib. Məsələ ilə bağlı müzakirələrdən sonra elmi-tədqiqat proqramlarının rəhbərlərinə qısa müddət ərzində proqramları müəyyən olunmuş formada hazırlayıb institutun elmi şurasının rəyi ilə birlikdə müvafiq elmi bölmələrə və Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinə təqdim etmələri tapşırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.