AMEA-nın İqtisadiyyat İnstitutunda “Post-konflikt ərazilərin bərpası, yenidən qurulması və məskunlaşdırılması” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarı müəssisənin direktoru, i.e.d., professor Nazim İmanov açaraq tədbirin mövzusu və məruzəçisi barədə məlumat verib.
Sonra institutun nəzdində fəaliyyət göstərən Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayevin məruzəsi dinlənilib. Alim bildirib ki, qələbə ilə nəticələnən 44 günlük müharibədən sonra düşmən işğalından azad olunmuş Qarabağda bərpa və yenidənqurma işlərinə start verilib. Onun sözlərinə görə, ölkə başçısının 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5 əsas hədəfindən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsidir: “Müvafiq Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə yaradılmış İdarələrarası Mərkəzdə AMEA İqtisadiyyat İnstitutunun alimlərinin – professorlar Nazim İmanov və Akif Musayevin də daxil edildiyi müxtəlif sahələri əhatə edən işçi qrupları formalaşdırılıb. Bütün qurumların təmsil olunduğu Əlaqələndirmə Qərargahı hazırda çox aktiv şəkildə gündəlik olaraq Qarabağın bərpası və yenidən qurulması məsələləri ilə məşğul olur”.
Qarabağda hazırda həyata keçirilən bərpa və yenidənqurma layihələri barəsində məlumat verən A.Musayev qeyd edib ki, bu proseslər çevik idarəetmə və təhlükəsizliyin təmin edilməsi, müasir infrastrukturun qurulması, iqtisadi dirçəliş problemlərinin həlli və sosial xidmətlərin təşkili kimi mərhələləri əhatə edir. O bildirib ki, ərazilərin bərpası prosesində bir sıra mühüm məqamlar diqqət mərkəzində saxlanılmalıdır: “Xüsusən də, yüksək əhali sıxlığına nail olunması, infrastruktur təminatının həmin bölgənin fasiləsiz logistik imkanlarına uyğunlaşdırılması, iqtisadi inkişafın dayanıqlılığının təmin olunması, tələb olunan investisiyaların həcminin optimallaşdırılması, dövlət xərclərinin azaldılması məqsədilə bərpa prosesinə özəl, həmçinin yerli və xarici investisiyaların cəlb edilməsi, dövlət və özəl sektor tərəfdaşlığından geniş istifadə olunması, ərazilərin bərpası prosesinin yerli istehsala daha çox tələb yaratması və beləliklə, ölkə iqtisadiyyatının artımının stimullaşdırılması vacibdir”.
Akif Musayev vurğulayıb ki, Qarabağda iqtisadiyyatın yenidən qurulması prosesində real sektorun qurulması üçün iqtisadi canlanmaya nail olunması, əlverişli biznes mühitinin formalaşdırılması və iqtisadi aktivliyin təşviqi, torpaq islahatlarının həyata keçirilməsi və mülkiyyət hüquqlarının bərpası, bölgədə regional ixtisaslaşmanın artırılması, regionun potensial rəqabət üstünlüyü sahələrinin müəyyənləşdirilməsi, sənaye, kənd təsərrüfatı və xidmət müəssisələrinin reabilitasiyası, əhaliyə və müəssisələrə maliyyə-bank xidmətlərinin və sosial xidmətlərin təşkili, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi mühüm amillərdir. Məruzəçi böyük resurslara və potensiala malik Qarabağın yenidən dirçəldiləcəyinə, məcburi köçkünlərin öz yurdlarında məskunlaşdırılacağına, regionun iqtisadiyyatının və sosial həyatının ən müasir səviyyədə yenidən qurulacağına əminliyini ifadə edib.
Sonra suallar cavablandırılıb, Qarabağda aparılacaq torpaq islahatları, əhalinin köçürülməsi, iş yerlərinin yaradılması, iqtisadiyyatın yenidən qurulması, sosial rifahın təmin edilməsi, eləcə də bunlarla bağlı İqtisadiyyat İnstitutunda aparılan elmi tədqiqatlar və s. mövzularda geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.