4 iyun 2021-ci il tarixində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həyatlarını itirmiş, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.
Kəlbəcərdə baş verən son hadisə növbəti dəfə Ermənistan hakimiyyətinin minalı sahələrin xəritələrini açıqlamamaq kimi məsuliyyətsiz və cinayətkar xarakterli davranışının beynəlxalq humanitar hüquqla yanaşı, Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr tarixli birgə bəyanatının ruhuna ziddir. Bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində və ya sərhəddi qanunsuz şəkildə keçən diversiya qrupu tərəfindən məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.
Münaqişənin bitməsindən sonra azad olunmuş ərazilərdə minalardan həlak olan və ya sağlamlığını itirən hər bir mülki şəxsə və hərbçiyə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyır. Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır.
Dəfələrlə dünya ictimaiyyətini, o cümlədən beynəlxalq təşkilatları və insan hüquqlarını müdafiə qruplarını Ermənistanın davam edən bu təxribatlarına kəskin etirazlarını bildirməyə və nəhayət minalı sahələrin xəritələrini təqdim etməyə çağırmaqlarına baxmayaraq, Ermənistan hakimiyyəti hələ də bu xəritələri təqdim etməmişdir. Yalnız bu yolla ölkələrimiz arasında etimad quruculuğu təmin edilə və bölgədə davamlı sülhün bərqərar olması üçün yol açıla bilər.
Münaqişənin bitməsindən sonra azad olunmuş ərazilərdə minalardan həlak olan və ya sağlamlığını itirən hər bir mülki şəxsə və hərbçiyə görə Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını qeyd etməklə, bütün dünya ictimaiyyətini, o cümlədən beynəlxalq təşkilatları və insan hüquqlarını müdafiə qruplarını Ermənistanın davam edən bu təxribatlarına kəskin etirazlarını bildirməyə və nəhayət minalı sahələrin xəritələrini təqdim etməyə çağırırıq.
Bir daha qeyd edirik ki, mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.
Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə bir daha təkidlə çağırırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.