İyunun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, yeni tərkibdə Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyətinin aparat rəhbəri və aidiyyəti şəxslər iştirak ediblər.
İclası AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq yığıncağın gündəliyi barədə iştirakçılara məlumat verib.
Akademik Ramiz Mehdiyev ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş akademik Tofiq Nağıyevə “Şərəf” ordeni, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları - Şəfəq Əlibəyliyə 3-cü dərəcəli “Əmək” ordeni, Kamil Allahyarov, Fatma Əliyeva və İnarə Şəfiyevaya “Tərəqqi” medalı, həmçinin Ridvan Sadırxanova “Əməkdar mədəniyyət işçisi” və Kübra Şamilovaya “Əməkdar mədəniyyət işçisi” vəsiqələrini, sonra AMEA-nın müxbir üzvü Maqsud Qurbanova isə AMEA-nın Fəxri fərmanını təqdim edib.
Sonra Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov çıxış edərək muzeyin 80 illik yubileyi münasibətilə təltif edilmiş əməkdaşları adından ölkə Prezidentinə, eləcə də Akademiya rəhbərliyinə minnətdarlığını bildirib.
Müzakirəyə çıxarılan ilk məsələ “AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətindən, çıxışlardan və qərarlardan irəli gələn vəzifələr haqqında” olub.
AMEA-nın akademik-katibi, akademik Arif Həşimov çıxış edərək qeyd edib ki, AMEA üzvlərinin, respublikanın bir sıra hökumət və dövlət nümayəndələrinin, dövlət qurumları və ali təhsil müəssisələri rəhbərlərinin iştirak etdiyi tədbirdə AMEA-nın 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat dinlənilərək təsdiq edilib. Həmçinin respublikanın müasir ictimai-siyasi və mədəni-mənəvi həyatı ilə bağlı bir sıra mühüm məsələlər, bundan irəli gələrək AMEA qarşısında duran vəzifələr geniş müzakirə olunub, bu məsələlərlə bağlı mühüm qərarlar qəbul edilib.
Diqqətə çatdırılıb ki, tədbirin sonunda ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəlmiş dövlət siyasətini dəstəkləyərək, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərində elmi potensialın yaxından iştirakını təmin edərək, elmi fəaliyyətin əsas istiqamətlərinin və nəticələrinin respublikanın mənafeyinə uyğunlaşdırılmasının, elmin yeni əsaslarla təşkilinin, idarə olunmasının və strukturunun optimallaşdırılmasının, maliyyə mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini əsas götürərək, AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi və alimlərin əməyinin stimullaşdırılması sahəsində ardıcıl tədbirləri yüksək qiymətləndirərək Akademiyanın Ümumi yığıncağı adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Müasir dünyanın çağırışları və respublikada yaranmış yeni reallıqlar kontekstində Azərbaycan elmi qarşısında duran vəzifələrin geniş şərh olunduğu müraciətdə xüsusi olaraq qeyd edilib ki, ordumuzun uğurlu hərbi əməliyyatları, Qarabağ torpaqlarının erməni işğalından azad edilməsi, dağıdılmış ərazilərdə irimiqyaslı quruculuq işlərinə başlanılması digər dövlət qurumları kimi, Milli Elmlər Akademiyasının fəaliyyətində də köklü, inqilabi dəyişiklikləri zəruri edir. Müraciətdə o da xüsusi vurğulanıb ki, ölkəmizdə və regionda meydana çıxan yeni reallıqların AMEA-nın alimləri tərəfindən müzakirələri nəticəsində gəlinən qənaət, həmçinin cərəyan edən mürəkkəb proseslərin, eləcə də dünya elmində müşahidə edilən yeni tendensiyaların təhlili Azərbaycanda fundamental və tətbiqi elmin doktrinasına yenidən əsaslı şəkildə baxılmasını tələb edir.
Diqqətə çatdırılıb ki, müraciətdə elm və təhsil sisteminin effektiv, çoxşaxəli inteqrasiyası, ordu quruculuğunda müasir elmi yanaşmaların tətbiqi, informasiya cəmiyyətinin yaradılması və virtual idarəçiliyin elmi əsaslarının formalaşdırılması, ölkənin təbii ehtiyatlarının qorunması və istifadəsinə dair yeni elmi yanaşmanın ortaya qoyulması, ana dilimizin və mədəniyyətimizin inkişafı, yeni dövrün reallıqları çərçivəsində milli kimliyimizin qorunması, AMEA-nın iqtisadi müstəqilliyinin təmin edilməsi, eləcə də AMEA-nın ölkənin xarici və daxili siyasətinin icrasında fəal iştirakı yeni dövrün elmi fəaliyyətində başlıca hədəflər olaraq müəyyən edilib. Müraciətin sonunda Prezident İlham Əliyevə belə bir əminlik ifadə olunub ki, qeyd olunan vəzifələrin icrası istiqamətində bütün səyləri birləşdirməyi, dövlətimizin daha da inkişafı, müasirləşməsi və güclənməsi sahəsində aparılan uğurlu fəaliyyətdə daha yaxından iştirak etməyi Azərbaycan alimləri özlərinin ən ümdə vəzifələri hesab edir.
Daha sonra AMEA-nın Rəyasət Heyəti Akademiyanın Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidentinə müraciətində əks olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə bir sıra qərarlar qəbul edib.
İclasda, həmçinin AMEA-nın Elm, texnologiya və təhsil problemləri üzrə, eləcə də Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi şuralarının Əsasnaməsi əlavə və dəyişikliklər nəzərə alınaraq təsdiqlənib, o cümlədən AMEA-nın müxbir üzvü Rafiq Qasımovun 90 illik yubileyi haqqında qərar qəbul edilib.
Qeyd olunan məsələlər ətrafında vitse-prezidentlər, akademiklər - İsa Həbibbəyli, İbrahim Quliyev, İradə Hüseynova, akademik-katib Arif Həşimov, Rəyasət Heyətinin üzvləri akademiklər Fikrət Əliyev və Adil Qəribov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.