Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

11.06.2021 14:34
  • A-
  • A
  • A+

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi istiqamətində işlər davam etdirilir

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi istiqamətində işlər davam etdirilir

Naxçıvan Muxtar Respublikasının iqlim xüsusiyyətlərinə uyğun olaraq dənli, paxlalı və texniki bitkilərin genofondunun toplanılması, innovativ becərmə texnologiyalarının elmi əsaslarla öyrənilməsi, kompleks qiymətləndirilməsi və seleksiyada istifadəsi ilə bağlı işlər diqqət mərkəzində saxlanılır.

Çoxsahəli kənd təsərrüfatının Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında önəmi nəzərə alınmaqla həyati və iqtisadi əhəmiyyətli bitkilərin muxtar respublikanın yerli torpaq-iqlim şəraitinə uyğun yeni, ekoloji cəhətdən uyumlu, xarici mühitin əlverişsiz amillərinə qarşı davamlı və daha məhsuldar sortların yaradılması seleksiyaçı alimlərin icra etdiyi mühüm vəzifələrdəndir. AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Dənli, paxlalı və texniki bitkilər laboratoriyasında 2004-cü ildən başlayaraq bitkilər üzərində seleksiya işləri aparılır. Sözügedən işlərin vəziyyəti və yerinə yetirilmə səviyyəsi ilə tanış olmaq üçün laboratoriyanın rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev ilə həmsöhbət olduq. Həmin müsahibəni təqdim edirik.

- Pərviz müəllim, Dənli, paxlalı və texniki bitkilər laboratoriyasında aparılan tədqiqatlar haqqında məlumat almaq istərdik.

- AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Dənli, paxlalı və texniki bitkilər laboratoriyası 2004-cü ildən fəaliyyət göstərir. Fəaliyyətimiz dövründə bir çox bitki sortları üzərində tədqiqatlar aparılıb. Bu bitkilər arasında yumşaq buğda, arpa, noxud, soya, mərcimək, qarğıdalı, yonca və ətirli tütün sortları ilə bağlı əldə olunmuş bir sıra elmi nəticələr, xüsusilə əhəmiyyətlidir. Tədqiqatlar zamanı hər bir bitkinin aqrotexniki qulluq xüsusiyyətləri öyrənilib, məhsuldar sortlarla bağlı təsərrüfat sahiblərinə tövsiyələr verilib.

- Məlumdur ki, bölmənin Nəbatat Bağının təcrübə sahəsində hibridləşdirmə işləri ilə məşğulsunuz. Hansı bitkilər üzərində çalışırsınız və bu əhəmiyyətli fəaliyyət zamanı nələrə diqqət yetirilməlidir?

- Buğda strateji məhsul olub ən mühüm ərzaq bitkisidir. Arpa isə həm ərzaq, həm də yem və texniki məqsədlərlə istifadə olunan dəyərli dənli taxıl bitkisidir. Bu bitkilər istər əkin sahələrinin genişliyinə, istərsə də istehsalına görə respublikamızda, eləcə də muxtar respublikada becərilən digər kənd təsərrüfatı bitkiləri arasında önəmli yer tutur. Sözügedən bitkilərin əhəmiyyətini nəzərə alaraq uzun müddətdir ki, buğda və arpa bitkiləri üzərində hibridləşdirmə işləri aparırıq. Hibridləşdirmənin müvəffəqiyyəti bir sıra şərtlərdən asılıdır. Valideyn formaların seçimində ilkin materialın zənginliyi olduqca vacib amildir. Bu zaman seçim düzgün yerinə yetirilərsə, məqsədəuyğun nümunələrin alınma ehtimalı daha da yüksək olur. Bununla yanaşı, nümunələrin yerli və müxtəlif mənşəli olması da mütləq nəzərə alınmalıdır, çünki nümunələrdə arzu olunan əlamətlərin müəyyənləşdirilməsi – bitkinin şaxtaya, quraqlığa, xəstəlik və ziyanvericilərə qarşı davamlığının, sort nümunələrinin vegetasiya müddəti, yerə yatmaya meyilliyinin öyrənilməsi işlərin asanlaşmasına zəmin yaradır.

Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutundan çoxlu sayda arpa, bərk və yumşaq buğda sort və hibridləri alınıb. Alınmış kolleksiya nümunələrinin Naxçıvan Muxtar Respublikası şəraitində kompleks qiymətləndirilməsi və onlardan seleksiya işlərində istifadə edilməsi üçün ötən ilin noyabr ayında Nəbatat Bağının təcrübə sahəsində 715 müxtəlif mənşəli sort və hibridlərin səpini aparılıb, bunlardan 111 yumşaq buğda nümunəsi 1 kvadratmetr əkin sahəsində, 124 arpa nümunəsi 1 kvadratmetr əkin sahəsində, 130 yumşaq və bərk buğda hibridi 3 kvadratmetr əkin sahəsində və 350 nümunə isə hər biri 1 paqonometr olmaqla əkilib. Hal-hazırda arpa nümunələri texniki yetişmə fazasında, buğda nümunələri isə mum yetişmə fazasının sonundadır.

- Bəs paxlalı və texniki bitkilər üzərində aparılan tədqiqatlar haqqında nə deyə bilərsiniz?

- Laboratoriyamızın əməkdaşları tərəfindən kartof, soya, noxud və  mərcimək bitkiləri üzərində tədqiqat işləri davam etdirilir. Qeyd etdiyimiz bitkilərin hər birinin həm qida, həm də texniki istifadə imkanlarına malik olması, əhalinin bu bitkilərə tələbatının çoxluğu ilə fərqlənir. Burada kartof bitkisini, xüsusilə qeyd etmək lazımdır. Bütün dünyada kifayət qədər çox istehlak olunan bitki çoxsahəli istifadə imkanlarına malikdir. Qida və yem bitkisi olmaqla yanaşı, həm də texniki bitki olub, spirt, nişasta, qlükoza və başqa məhsullar üçün xammaldır.

Hazırda təcrübə sahəmizdə AMEA-nın Genetik Ehtiyatlar İnstitutundan və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən alınmış müxtəlif mənşəli kartof sortlarının 2 variantda, 4 təkrarda təcrübələri qoyulub. Bitkilər çiçəkləmə fazasındadır.

AMEA Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan ETƏİ-dən gətirilmiş 6 mərcimək və 31 soya bitki sortları üzərində də tədqiqatları davam etdiririk. Kartof, mərcimək və soya bitkiləri üzərində aparılan tədqiqat işlərinin əsas məqsədi onların Naxçıvan Muxtar Respublikası şəraitində optimal əkin müddətinin və perspektivli sortlarının öyrənilməsidir. Bu məqsədlə qeyd olunan sort nümunələrinin əkini müxtəlif vaxtlarda hər sort üçün 4 təkrarda aparılıb, bütün nümunələrdə normal çıxış alınıb. Hal-hazırda soya nümunələri çiçəkləmə fazasının əvvəlində, mərcimək bitkisi isə çiçəkləmə fazasındadır.

Bütün sort nümunələrinə muxtar respublika üçün qəbul edilmiş qaydada aqrotexniki qulluq edilir və bu sortlar üzərində tədqiqat işləri davam etdirilir.

- Laboratoriya əməkdaşlarının qazandığı əsas elmi uğurlar hansılardır? Bu uğurların əhəmiyyəti nədən ibarətdir?

- Dənli, paxlalı və texniki bitkilər laboratoriyası tərəfindən aparılan tədqiqat işləri içərisində ən böyük uğurlarımız 00278 patent nömrəli “Uqu nənə”  noxud sortu, 00171 patent nömrəli “Qaraca 85” noxud sortu və 00169 patent nömrəli “Qılçıqlı 85” arpa sortlarıdır. Bu sortlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydiyyatdan keçib. 00278 patent nömrəli “Uqu nənə” yeni noxud sortuna müəlliflik şəhadətnaməsi alınıb.

Müxtəlif kombinasiyalı buğda hibridləri içərisində öz müsbət göstəricilərinə görə fərqlənən bir bərk buğda (Əlincə-84 X Zatino) hibridi, bir yumşaq buğda hibridi (Eskina-8 X 6507-Türkiyə) və bir ikicərgəli arpa (“Arpaçay”) seçilərək artırma pitomnikində artırılıb və  sort-sınaq məntəqələrinə sınaqdan çıxarılması üçün hər birindən 64 kq olmaqla toxum materialı götürülüb.

- Söhbətimizin əvvəlində qeyd etdiniz ki, bir sıra elmi nəticələr əldə olunub. Bu nəticələrin elmi dövriyyəyə daxil edilməsi istiqamətində hansı işlər görürsünüz?

- Aparılan tədqiqatların nəticələri həm yerli, həm də xarici elmi jurnallarda müntəzəm olaraq işıqlandırılır. Bununla yanaşı, əməkdaşlarımız müxtəlif konfranslarda fəal iştirak edərək əldə olunan yenilikləri dünya elmi ictimaiyyətinə təqdim edirlər. Qeyd etmək istərdim ki, noxud və arpa sortlarına verilən patentlər, müəlliflik şəhadətnaməsi də məhz bu istiqamətdə görülən işlərin bir hissəsidir. Aparılan tədqiqatların nəticələrinə əsasən deyə bilərik ki, qarşıda bizi yeni-yeni uğurlar gözləyir.

- Maraqlı müsahibə üçün təşəkkür edirik.

Səkinə Cümşüdova, AMEA-nın Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: