Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.06.2021 15:47
  • A-
  • A
  • A+

“Vətən müharibəsində qələbənin səbəbləri və çıxarılan dərslər” mövzusunda tədbir keçirilib

“Vətən müharibəsində qələbənin səbəbləri və çıxarılan dərslər” mövzusunda tədbir keçirilib

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) YAP ilk ərazi təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və müəssisənin Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Vətən müharibəsində qələbənin səbəbləri və çıxarılan dərsləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ərazi bütövlüyümüzün təmin olunması və qorunmasında şəhid olan qəhrəman igidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri institutun direktoru, akademik Vaqif Fərzəliyev açaraq Qurtuluş günü ilə Vətən müharibəsi arasında tarixi bağlılığın olduğunu bildirib: “Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidi ilə hakimiyyətə qayıdışı ilə ilk növbədə vətəndaş müharibəsinin qarşısı alındı, ordu quruculuğu və iqtisadi inkişafa start verildi. Ona görə 44 günlük Vətən müharibəsinin qələbəsinin səbəblərini axtaranda ilk növbədə Qurtuluş gününün əhəmiyyətini xüsusi vurğulamaq lazımdır”.

V.Fərzəliyevin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti ölkəmizi hərbi, iqtisadi, siyasi nöqteyi-nəzərdən qüdrətli dövlətə çevirib. Akademik qeyd edib ki, 44 günlük Vətən müharibəsindən çıxardığımız əsas dərs bundan sonra daha da bir olmaq, həmin böyük qələbəni bizə qazandıran şəhid ailə üzvlərini və qazilərimizi həmişə diqqətdə saxlamaq, onlara maddi-mənəvi qayğı ilə yanaşmaq və nəhayət revanş hissi ilə yaşayan erməni qüvvələrinə qarşı həmişə ayıq-sayıq olmaqdır.

O, rəhbərlik etdiyi institutun əməkdaşları tərəfindən müharibə günlərində Silahlı Qüvvələrə Yardım Fonduna 14250 manat vəsaitin köçürüldüyünü, hazırda isə “YAŞAT” Fonduna ianə toplanması üçün könüllü kampaniyası elan olunduğunu bildirib.

İnstitutun YAP ilk ərazi təşkilatının sədri, k.ü.f.d. Vəli Kazımov isə 1993-cü ilin iyun hadisələrinin səbəbləri, ölkəmizin dağılmaq təhlükəsi ilə üzləşməsi, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən amillər və ondan sonra respublikamızın hər bir sahəsində baş verən sıçrayışlı inkişafdan, eləcə də torpaqlarımızın işğaldan azad olunmasından danışıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini, YAP İdarə Heyətinin üzvü, dosent Əfsun Sucayev Vətən müharibəsində qələbəni təmin edən bir çox səbəblərin olduğunu, həmin səbəblər sırasında bir yumruq kimi birləşmək və Ali Baş Komandanın rəhbərliyi altında xalqımıza son 200 illik tariximizdə ilk dəfə torpaq geri qaytarmaqla böyük qələbə qazandıran vətənpərvər gəncliyin olmasına önəm verilməsinin vacibliyini bildirib.

Ə.Sucayev qeyd edib ki, alimdən adi peşə sahibinə, ziyalıdan sadə vətəndaşa qədər hər kəsin Vətən müharibəsindəki nəticələrdən özü, ətrafı üçün çıxardığı dərslər olmalıdır: “İmkan düşən kimi özünü zalım, başkəsən, məğlub olanda isə dünyanın ən zavallı, məzlum toplumu kimi aparan bir qonşumuzun olduğunu heç zaman unutmamalıyıq. Bu baxımdan yaradılan zəfər muzeyləri, Hərbi Qənimət Parkı biz və bizdən sonra gələn nəsillər üçün tarixdə yaşadıqlarımızı yaddan çıxarmamaqdan ötrü gözəl vasitədir”.

O, Vətən müharibəsində ölkəmizə yaxından siyasi, mənəvi dəstək verən ölkələrlə hər bir sahədə olduğu kimi, elm sahəsində də birgə əməkdaşlıq platformalarının yaradılmasının zəruriliyini qeyd edib. “AMEA Aşqarlar Kimyası İnstitutu olaraq, bizə ən çox dəstəyi göstərən Türkiyə ilə fundamental elm, Pakistan və Ukrayna ilə tətbiqi elm sahəsində son zamanlar genişləndirdiyimiz əməkdaşlığımız böyük nəticələr qazanmağımıza səbəb olub”, - deyə alim fikirlərinə əlavə edib.

Tədbirdə, həmçinin institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Səbiyə Osmanova və Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent Elxan İsakov çıxış edərək bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin gənclər üçün faydalı olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: