Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.06.2021 10:24
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda aqrar sahənin inkişafı ilə bağlı müzakirələr aparılıb

İqtisadiyyat İnstitutunda aqrar sahənin inkişafı ilə bağlı müzakirələr aparılıb

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, i.e.d., professor Nazim İmanov gündəlikdə olan əsas müzakirə mövzusu və məruzəçilər barədə məlumat verib.

Seminarda müəssisənin Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsinin müdiri, i.e.d., professor İsa Alıyev və şöbənin aparıcı elmi işçisi, dosent Yunus Sadıqov “Azərbaycan Respublikasında aqrar sahənin inkişafının strateji məqamları. Problemlər, ziddiyyətlər və onların həlli yolları” adlı məruzə ilə çıxış ediblər. Məruzəçilər ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı problemlərdən, həyata keçirilmiş uğurlu torpaq islahatları, əhalinin ərzaq təminatı, ərzaq təhlükəsizliyi, əkinə yararlı torpaqlardan daha səmərəli istifadə, məhsuldarlığın artırılması, məhsuldar sortların yetişdirilməsi, intensiv əkinçiliyə üstünlük verilməsi, idxal-ixrac əməliyyatlarında aqrar məhsulların strukturu, yerli tələbin ödənilməsi, bazarda tələb və təklifə, qiymətlərə təsir göstərən başlıca amillər barədə danışıblar.

Alimlər dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasının, bu sahəyə dövlət dəstəyi tədbirlərinin səmərəliliyinin artırılmasının, təşviq mexanizmlərinin, aqrar sektorda və kənd yerlərində əhalinin məşğulluğunun təmin olunmasının, müasir texnologiyaların tətbiqi ilə aqrar emal sənayesinin inkişaf etdirilməsinin zəruriliyini, kənd təsərrüfatında müasir innovasiyaların əhəmiyyətini, Azərbaycanda aqrar sektorda müqayisəli üstün sahələrin müəyyənləşdirilməsinin və əhalinin yerli keyfiyyətli ərzaqla təminatının vacibliyini qeyd ediblər.   

Azərbaycanda kənd təsərrüfatının yüksək iqtisadi potensialı və perspektiv inkişaf  istiqamətləri, Qarabağın yenidən qurulacaq iqtisadiyyatında və sosial həyatında aqrar sektorun aparıcı rola malik olacağı, kənd təsərrüfatı məhsulları istehsalçılarının bütün vergilərdən (torpaq vergisindən başqa) azad olunmasının bu sahəsinin inkişafına müsbət təsiri, fermerlərə göstərilən dövlət qayğısı xüsusilə vurğulanıb.

Tədbirdə, həmçinin işğaldan azad edilmiş Qarabağda həyata keçiriləcək torpaq islahatları, İqtisadiyyat İnstitutunda aqrar iqtisad elmi sahəsində aparılan elmi tədqiqatlarla bağlı geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: