İyunun 18-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının rəhbəri və aidiyyəti şəxslər iştirak ediblər.
Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq Akademiyada son dövrlərdə aparılan struktur islahatlarının əhəmiyyətindən danışıb. O qeyd edib ki, AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə AMEA üzvlərinin müraciətindən, qəbul olunmuş qərarlardan irəli gələrək Akademiyanın qarşısında olduqca mühüm vəzifələr dayanmaqdadır. Akademik Ramiz Mehdiyev sosial-iqtisadi və mədəni-mənəvi istiqamətlər üzrə dövlətin həyata keçirdiyi çoxşaxəli siyasətin reallaşmasında, xüsusən də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərində alimlərimizin yaxından iştirakının qarşıda duran ümdə vəzifələrdən olduğunu söyləyib. AMEA prezidenti bildirib ki, qeyd olunan istiqamətlər üzrə Azərbaycan alimləri öz elmi potensiallarını səfərbər etməli, bunun üçün müasir, innovativ elmi, elmi-təşkilati və idarəetmə texnologiyaları geniş tətbiq olunmalıdır.
Sonra AMEA-nın akademik-katibi, akademik Arif Həşimov gündəlikdə duran elmi, elmi-təşkilati və kadr məsələləri barədə məlumat verib.
Tədbirdə AMEA-nın Elm, təhsil, texnologiya problemləri üzrə Elmi şurasının da ilk iclası keçirilib, şura üzvləri Fizika İnstitutunun Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyasının rəhbəri vəzifəsini icra edən dosent Nahidə Musayevanın “Azot tərkibli aromatik partlayıcıları aşkarlamaq üçün məsafədən idarə olunan sistem haqqında” elmi tədqiqatı ilə bağlı məlumatını dinləyərək mövzunu müzakirə ediblər. Sistemlə bağlı şura üzvlərinin və tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzunun aktuallığı qeyd edilib, bu istiqamətdə araşdırmaların davam etdirilməsi zərurəti xüsusi olaraq vurğulanıb.
Daha sonra gündəlikdə duran digər məsələlərə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin əsasnaməsi, həmçinin AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturunda edilmiş dəyişikliklər nəzərə alınmaqla idarənin yeni strukturu və ştat vahidləri təsdiqlənib.
İclasda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik Dilqəm Tağıyev akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, müxbir üzv Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun, müxbir üzv Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Natiq Mehdiyev isə AMEA Rəyasət Heyəti aparatının Xüsusi şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər.
Müzakirə olunan məsələlər ətrafında akademiklər Dilqəm Tağıyev, İsa Həbibbəyli, İradə Hüseynova, Arif Həşimov, Vaqif Fərzəliyev, Vaqif Abbasov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.