Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yer Elmləri Bölməsinin Ümumi yığıncağında bir sıra məsələlər müzakirə olunub
21.06.2021 12:56
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin Ümumi yığıncağında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) onlayn Ümumi yığıncağı keçirilib.

Bölmənin həqiqi və müxbir üzvlərinin iştirak etdiyi tədbirdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İbrahim Quliyev çıxış edərək bildirib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bölmənin institutları ötən müddət ərzində bir sıra mühüm nəticələr əldə edib. Tədbirdə qeyd olunub ki, AMEA Rəyasət Heyətinin və Ümumi yığıncağının qərarlarından irəli gələn vəzifələrin həyata keçirilməsi bölmənin institutları qarşısında duran əsas vəzifələrdir.

Sonra işğaldan azad olunmuş ərazilərdə Yer Elmləri Bölməsinin aparacağı faydalı qazıntı yataqlarının araşdırılması, seysmologiya və geodinamika, geomorfologiya, turizm və geoloji abidələrin öyrənilməsi istiqamətlərindəki tədqiqatların müzakirəsi keçirilib. Müzakirələrdə akademiklər Akif Əlizadə, Vasif Babazadə, AMEA müxbir üzvü Qərib Calalov və digərləri iştirak ediblər.

Daha sonra akademik İbrahim Quliyev qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, YEB-ə daxil olan müəssisələrin baş direktoru vəzifəsinə akademik Akif Əlizadə, akademik Fəxrəddin Qədirov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun namizədliyi irəli sürülür.

Gizli səsvermə nəticəsində akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, akademik Fəxrəddin Qədirov Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov isə AMEA nəzdində Təbiət Tarixi Muzeyinin baş direktoru seçiliblər və təsdiq edilmələri üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

Yığıncaqda, həmçinin Geologiya və Geofizika İnstitutunun strukturunda və Elmi şurasının tərkibində qismən dəyişiklik haqqında qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: