AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin tanınmış mütəxəssislərinin iştirakıyla “Məhkəmə Arxeologiyası” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev açaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində itkin düşmüş insanların axtarışı, tapılmış insan qalıqlarının identifikasiyası sahəsində birgə çalışan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və BQXK-nın son iki ildə göstərdiyi fəaliyyətin yüksək nəticələrindən danışdı. F.Quliyev BQXK xətti ilə çalışan Ankara Universitetinin antropoloqları ilə əməkdaşlığın nəticəsində institutun nəzdində Məhkəmə arxeologiyası üzrə milli mütəxəssislərin yetişdirilməsi və müvafiq elmi-tədqiqat strukturlarının formalaşdırılması kimi ilklərə imza atıldığını vurğulayıb.
Seminarda Ankara Universiteti, Dil və Tariх – Coğrafiya Fakültəsi (DTCF), Fiziki antropologiya bölməsinin müəllimi, universitetin “Türkçe ve Yabancı Dil Uygulama ve Araştırma Merkezi”-nin (TÖMER) rəhbəri, professor, doktor Timur Gültəkinin “Təbii fəlakətlər və insan” mövzusunda təqdimatı olub. Ankara Universiteti DTFC-nin Fiziki antropologiya bölməsinin rəhbəri, professor, doktor, paleoantropoloq Ayla Sevim Erol “İnsan qalıqları əsasında itkin düşmüş şəxslərin müəyyən edilməsi” mövzusunda çıxış edib. BQXK-nın məhkəmə ekspertizası üzrə nümayəndələri: Ankara Universiteti DTFC-nin Fiziki antropologiya bölümünün elmi əməkdaşı Uyum Vehit və Tailand Məhkəmə Ekspertizası İnstitutunun elmi əməkdaşı Natnipoon Rattanarungruang “BQXK-nın Humanitar məhkəmə ekspertizasının fəaliyyəti” haqqında təqdimat ediblər. Ankara Universitetinin geoloqu, təbii fəlakətlər üzrə ekspert, doktor Nehir Varol “Məhkəmə ekspertizasında hadisə yerinin idarə edilməsi” haqqında danışıb. Öz çıxışlarında mütəxəssislər təbii və antropogen fəlakət ərazilərində itkin düşmüş insanların axtarışı, insan qalıqlarının identifikasiyası üzrə istifadə edilən üsul və texnoloji yeniliklər barədə məlumat veriblər. Edilli, Sırxavənd və vaxtilə işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müxtəlif məntəqələrində AMEA Arxeologiya və Antropologiya İnstitutun əməkdaşları ilə birgə aparılmış təhqiqat işləri barədə məlumatlar seminar iştirakçılarının xüsusi marağına səbəb olub.
İnstitutun direktoru t.ü.f.d, dosent F.Quliyev seminar iştirakçılarını Ağdamdakı Pənahəli xan sarayı və İmarət Kompleksində erməni işğalçılarının törətdiyi vandalizm aktından və İnstitut əməkdaşlarının bu ərazidə apardığı elmi tədqiqat işlərindən bəhs edən təqdimatla çıxış edib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya şöbəsinin rəhbəri, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli çıxışında rəhbəri olduğu şöbə əməkdaşlarının Məhkəmə Arxeologiyası üzrə gördüyü işlərdən, fiziki antropologiya sahəsinin inkişafındakı problemlərdən və onların həlli yollarından danışıb.
Sonra BQXK-nın ekspertləri seminarda iştirak edən İnstitutun əməkdaşlarının suallarını cavablandırıblar. Aparılmış fikir mübadiləsi zamanı Arxeologiya və Antropologiya İnstitutunun Ankara Universiteti ilə elmi əməkdaşlıq üzrə memorandum layihəsinin hazırlanması təklif olunub.
Qeyd edək ki, seminarda BQXK-nın Azərbaycanda Məhkəmə ekspertizası departamentinin koordinatoru Nitin Kumar Agrawal, BQXK-nın Məhkəmə ekspertizası departamentinin müdafiə işləri üzrə əməkdaşları Gülnarə Qaraxanova və Xanlar Babayev, BQXK-nın əməkdaşı Nərmin Mirzəyeva iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.