Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.04.2025 09:58
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə Rusiya paleontologiya cəmiyyətinin medalı ilə təltif edilib

Akademik Akif Əlizadə Rusiya paleontologiya cəmiyyətinin medalı ilə təltif edilib

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Karpinski İnstitutunda Paleontologiya Cəmiyyətinin “Paleontologiyanın fundamental əsasları: nəzəriyyə və təcrübə” mövzusunda 71-ci illik sessiyası keçirilib.

Sessiyada Rusiya, Azərbaycan və Serbiyanın 27 şəhərindən, 56 müəsssisədən, eləcə də RF Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi - tədqiqat və istehsalat təşkilatlarının nümayəndələri, Yer təkinin istifadəsi üzrə Federal Agentlik (Rosnedra), Geologiya, Paleontologiya, Biologiya İnstitutlarının və Rusiya Elmlər Akademiyasının regional elmi mərkəzlərindən, dövlət univesitetlərinin profil fakültələrindən, paleontoloji, ölkəşünaslıq muzeyləri, qoruq muzeylərindən 220 mütəxəssis iştirak edib.

Tədbirə dəvətlə Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, GGİ-nin Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsinin rəhbəri, y.e.f.d. Şəfəq Bayramova, şöbənin əməkdaşları - c.e.d Yelena Tağıyeva, kiçik elmi işçi Şahnaz Məmmədova, H.Zərdabi adına təbiət tarixi muzeyin baş direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru Tariel Eybətov da qatılıb.

Plenar iclasda akademik Akif Əlizadə (“Azərbaycanın paleontoloji kolleksiyaları - tapıntılar tarixi, müasir tədqiqatlar”, həmmüəllif Tariel Eybətov) məruzə ilə çıxış ediblər. Dördüncü dövr sistemi bölməsində Y.Tağıyeva, Ş.Məmmədova və Ş.Bayramovanın “Azərbaycanın Yasamal vadisinin Lökbatan sektorunun Ağçaqıl-Abşeron çöküntülərinin mikropaleontoloji tədqiqatları” mövzusunda məruzəsi dinlənilib. 

Sessiya iştirakçıları üçün Ümumrusiya Geologiya Kitabxanasına ekskursiya və F.N.Çernışov adına Geoloji Kəşfiyyat Muzeyinə izahlı ekskursiya təşkil olunub.

Tədbirin əvvəli üçün 71-ci sessiyanın materiallar toplusu nəşr olunub. Buraya 192 məruzənin tezisləri daxildir. Məruzələrin müəllifləri və həmmüəllifləri arasında Özbəkistan, Tacikistan, Estoniya, Çin, Monqolustan, Serbiya, Polşa, Norveç, Kanada, Koreya Respublikası və Azərbaycandan olan mütəxəssislər göstərilib.

“Paleontologiyanın fundamental əsasları: nəzəriyyə və təcrübə” sessiyasında akademik   Akif Əlizadə Rusiya Paleontologiya Cəmiyyətinin “Uzunmüddətli əməyə görə” medalı ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: