Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə “Əfşarlar və Qacarlar dövrünün azərbaycanlı ictimai və siyasi xadimləri” mövzusunda mühazirə oxuyub.
Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu və Bakı Avrasiya Universitetlərinin tələbələrinin iştirak etdiyi təlimdə alim Azərbaycan tarixində dərin iz qoymuş Əfşar və Qacar İmperiyaları dövründən, bu dövrün azərbaycanlı ictimai və siyasi xadimlərindən, onların fəaliyyətindən bəhs edib, çıxışında tarixi şəxsiyyətlərin sitatlarından misallar çəkib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.