AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Oğuz rayon Bucaq kənd tam orta məktəbinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl iqtisadiyyat və yaşıl şəhər: çağırışlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Şəki REM-in əməkdaşları, Bucaq kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri açan Oğuz rayon Bucaq kənd tam orta məktəbinin direktoru Ülviyyə Nəzərova belə mötəbər konfransa ev sahibliyi etdikləri üçün məmnun olduğunu bildirib. Direktor dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Şəki REM-in Ekoloji biofizika şöbəsinin əməkdaşı Şahmar Babayev “Yaşıl iqtisadiyyat” və “yaşıl şəhər” konsepsiyalarının həyata keçirilməsində müasir tendensiya və innovasiyalar” mövzusunda məruzə ilə çıxış edib. O, ekologiya və iqtisadiyyat sahələrini birgə istiqamətləndirən yanaşmalardan, “yaşıl iqtisadiyyat”a keçidlə bağlı yeni tendensiya və innovasiyalardan, “yaşıl texnologiyalar” və innovativ kənd təsərrüfatı, “yaşıl şəhər” və “ağıllı şəhər” konsepsiyalarının vəhdətinin üstünlüklərindən danışıb.
Daha sonra Bucaq kənd tam orta məktəbin coğrafiya müəllimi Çinarə Rüstəmova “Mineral ehtiyatlardan səmərəli istifadə, davamlı inkişaf” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, mineral ehtiyatlardan səmərəli istifadə dövlətin daim diqqət mərkəzində olan strateji məsələlərdəndir və onlardan kompleks istifadə edilməsi üçün müxtəlif yollar tətbiq edilir. Çinarə Rüstəmova mineral ehtiyatların bərpa olunmayan xüsusiyyətini qeyd edərək, onların yeni süni əvəzedicilərin axtarışını tələb etdiyini də vurğulayıb.
Tədbirdə Şəki REM-in elmi katibi Vəfa Atayeva çıxış edərək COP29 çərçivəsində Şəki REM-in təşkil etdiyi tədbirlərin əsas məqsədinin qlobal iqlim dəyişikliklərinin yaratdığı böhrana dair maarifləndirmə işlərinin aparılması olduğunu deyib. O, ekoloji böhranın qarşısının alınması istiqamətində görülə biləcək tədbirlər barədə şagirdləri məlumatlandırıb.
Bədii hissədə Bucaq kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları “yaşıl dünya” mövzusunu əhatə edən maraqlı ədəbi-bədii kompozisiya təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.