Məlumdur ki, 2021-ci ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev cari il yanvarın 5-də 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncam imzalamışdır.
Bu ilin “Nizami ili” elan olunması Azərbaycan ədəbiyyat elminin inkişafında yeni bir mərhələnin əsasını qoymaqla yanaşı, həm də alimlərin qarşısında yeni vəzifələri müəyyənləşdirmişdir. Müvafiq Sərəncam Azərbaycan ədəbiyyatının ən böyük yetirmələrindən olan, dünya şöhrətli şair Nizami Gəncəvi irsinin geniş miqyasda tədqiqi, şairin əsərlərinə yeni baxışın ortaya qoyulması və onun zəngin yaradıcılığının dünyada təbliği istiqamətində yeni imkanlar açmışdır.
Bu yaxınlarda AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı monoqrafiyası rus dilində çapdan çıxıb.
“Nizami ili” çərçivəsində işıq üzü görən yeni nəşr haqqında ətraflı məlumat əldə etmək üçün dosent Eldar Əmirovla söhbətləşdik.
- Eldar müəllim, öncə kitabın ərsəyə gəlməsindən danışaq. Hansı zərurətdən belə bir monoqrafiya yazmaq qərarına gəldiniz?
- Məlum olduğu kimi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən hesab olunan Nizami yaradıcılığının bir çox aspektlərinə dair ölkəmizdə istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində kifayət qədər dəyərli əsərlər qələmə alınıb, dahi şairin əsərlərinin tədqiqi Rusiya və dünya şərqşünaslığında aktual mövzulardan olub. Tanınmış alimlərdən – Yevgeni Bertels, Aqafangel Krımski, Vasili Bartold, İosif Braginski və digər şərqşünasların Nizami yaradıcılığına davamlı olaraq müraciət etməsi buna bariz sübutdur.
Nizami dünyada, ilk növbədə şair kimi tanınır. Lakin “Xəmsə”ni təhlil etdikdə aydın olur ki, bu əvəzolunmaz əsərdə orta əsrlər Şərq elminin bütün sahələri üzrə məlumatlar əldə etmək mümkündür. Nizami bu əsərlərində elmin ən müxtəlif problemlərinə münasibət bildirib. Lakin Nizaminin elmi dünyagörüşü onun yaradıcılığının ən az öyrənilən aspektlərindən biridir və yeni araşdırmaların aparılmasını tələb edir. Nizaminin elmi dünyagörüşü ilə bağlı məsələlərin öz əksini tapdığı monoqrafiyanı “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlandırmağımız təsadüfi deyil.
Belə ki, Nizami əsərlərində yalnız faktların konstatasiyası ilə məşğul olmayıb, həm də onlara münasibət bildirib. Dahi mütəfəkkirin yaradıcılığının əsas elmi cəhəti ondan ibarətdir ki, onun ən aktual elmi problemlərə dair öz elmi, əsaslandırılmış baxışı olmuşdur.
Monoqrafiyada dahi şəxsiyyətin məhrumiyyətlərlə, itkilərlə, əzmkar mübarizə və kamillik nümunələri ilə dolu həyat yolundan, həmçinin yaşadığı, yazıb-yaratdığı mühitin ictimai-siyasi, ədəbi-mədəni xüsusiyyətlərindən bəhs olunur, Nizaminin biliyə və alimin cəmiyyətdəki yüksək məqamına verdiyi dəyərə, eləcə də onun elmin əməli əhəmiyyəti haqqındakı fikirlərinə toxunulur. Şairin ictimai-siyasi məsələlərə, təbiət elmlərinə, tibb və psixologiyaya dair baxışlarının təhlili aparılır, o cümlədən “Xəmsə”nin tarixi məxəz olaraq əhəmiyyəti məsələsi konkret hadisələrin və şəxslərin nümunəsində nəzərdən keçirilir.
- “Nizami ili”nə töhfə olan bu kitabda dahi şairin yaradıcılığı ilə bağlı hansı elmi problemlər qabardılıb?
- Nizaminin elmi baxışlarında yaşadığı dövrün klassik elm sahələrinə (təbabət, fəlsəfə, dövlət idarəçiliyi, riyaziyyat və s.) dair fikirləri xüsusi bir istiqamət təşkil edir. Nizami “Xəmsə”sinin tarixi mənbə kimi əhəmiyyəti də olduqca yüksəkdir. Bir çox hallarda “Xəmsə”nin bədii və elmi mənbə kimi dəyərli olduğu bildirilsə də, tarixşünaslıq baxımından ona müraciət etməkdən çəkinilir. Lakin Nizaminin şəxsiyyətlərə və hadisələrə olan münasibətinin dərindən təhlilini apardıqda və həmin təhlili real tarixi mənbələrlə müqayisə etdikdə görə bilərik ki, Nizami heç zaman tarixilikdən kənara çıxmayıb. Doğrudur, Nizami şair kimi öz fikirlərini bədii şəkildə ifadə edib, bununla belə onun əsərlərində heç zaman tarixi faktları təhrif edən, onların təməlini dəyişən yanaşmalara rast gəlinmir. Bu isə dahi mütəfəkkir Nizamini digər orta əsr və Şərq ədəbiyyatı nümayəndələrindən fərqləndirən əsas cəhətlərdəndir. Digər tərəfdən, Nizami Gəncəvi farsdilli ədəbiyyatda Azərbaycan tarixi mövzusunu dərindən işləyən klassikdir.
Nizami əsərlərində Albaniyanın paytaxtı olan qədim Bərdə şəhərinin təsviri, rusların Bərdəyə yürüşləri, bu yürüşlərin dağıdıcı təsirləri, eləcə də rus xalqlarının tarixi, mənşəyi, etnoqrafiyası haqqında maraqlı faktlar təqdim olunur. Bir nüansı diqqətə çatdırmaq istərdim ki, dahi şair əsərlərinin birində Rusiyada xəz dərilərinin pul vahidi kimi dövriyyəsi barədə məlumat verir. Qeyd olunan məlumata hətta orta əsr ərəb mənbələrində çox az rast gəlinir. XIX-XX əsrlərdə Rusiyanın tarixini öyrənən mütəxəssislərin bir çoxu bu məsələyə diqqət çəkib, həmin faktın Nizaminin tarixlə bağlı dərindən məlumatlılığının göstəricisi hesab edildiyini söyləyiblər.
Nizami Bərdə şəhərini təsvir edərkən burada qadın çarlığının mövcud olduğundan söhbət açır, onlarla bağlı qiymətli məlumatlar təqdim edir. Lakin bu faktlar bəzi tədqiqatçılar tərəfindən bəzən mif olaraq qəbul edilir. Yunan mənbələrinə müraciət etdikdə isə Qafqazda, Albaniyada qadın çarlığının mövcud olduğuna dair faktlara rast gəlinir.
Nizami öz əsərlərini ərsəyə gətirərkən Şərq mənbələri ilə yanaşı, antik yunan mənbələrinə də müraciət etmişdir. Gəncə şəhərinin tarixi, Nizaminin müasiri olduğu dövrün problemləri ilə bağlı faktlar göstərir ki, Nizami Azərbaycan tarixi barədə məlumatlı olub, öz xalqının, vətəninin taleyi onu dərindən maraqlandırıb. Azərbaycan mövzusu nə Əbdülqasım Firdovsi, nə Sədi Şirazi, nə də Nizamidən sonrakı Azərbaycan mütəfəkkirlərinin əsərlərində bu qədər qabarıq şəkildə təqdim olunmayıb.
Nizami Azərbaycan tarixinə və dilinə hər zaman böyük diqqət göstərib. Dahi şairin Azərbaycana bağlılığını sübut edən əsas amillərdən biri də onun türk (Azərbaycan) dilinə münasibətidir. “Leyli və Məcnun” poemasının əvvəlində Nizami Gəncəvi bu poemanın türk dilində deyil, ərəb və ya fars dilində yazılması ilə bağlı Şirvanşahdan sifariş aldığını bildirir və poemada açıq şəkildə Şirvanşahın bu göstərişinin onu hiddətləndirdiyini qeyd edir. O, bu təklifi yalnız oğlunun təkidi ilə qəbul etsə də, dahi mütəfəkkirin Azərbaycan dilinə olan münasibətə, həqarətə kəskin reaksiyası onun özünü azərbaycanlı övladı hesab etdiyini bir daha sübut edir.
Bununla yanaşı, Nizaminin bütün əsərlərində türk anlayışı qəhrəmanlıq, şücaət və gözəllik rəmzi kimi qələmə verilirdi. Nizaminin əsasını qoyduğu bu bənzətmə sonradan fars ədəbiyyatında, xüsusən də Sədinin, Hafizin yaradıcılığında da öz əksini tapıb. Lakin Nizamiyə qədər fars ədəbiyyatında türk anlayışı daha çox tənə anlamında istifadə olunurdu. Bu məqamda Ə.Firdovsinin yaradıcılığına diqqətə yetirmək yerinə düşər. O, “Şahnamə” əsərində türkləri qəhrəman kimi təqdim etsə də, barbar, mədəniyyətdən kənar xalqın nümayəndələri kimi təsvir edirdi. Nəzərə almaq lazımdır ki, artıq Nizami dövrünün üzərindən 8 əsrdən çox vaxt keçib, təbii olaraq onun bəzi elmi fikir və ideyaları digər orta əsr Şərq mütəfəkkirlərinin ideyaları kimi öz aktuallığını itirib, bu sahədə yeni elmi kəşflər edilib.
Hər bir əsərə, hər bir şəxsiyyətə dövrün kontekstindən yanaşmaq lazımdır. Orta əsrlər dövrü kontekstindən nəzər saldıqda Nizaminin bir düha, mütərəqqi şəxsiyyət olduğunu, onun bütün baxışlarının gələcəyə hesablandığını görmək mümkündür. O, bütün ideoloji çərçivələrdən, məhdudlaşdırıcı, milliyətçi, dini və s. görüşlərdən uzaq, ümumbəşəri ideyaları bölüşən bir insan olub. O dövrün Şərq elminin bütün yenilikçi, mütərəqqi fikirləri dahi şairə xasdır. Nizami öz əsərlərində bu fikirləri təbliğ edir və dövrün ictimai-siyasi fikir tarixinə öz töhfələrini verir.
Nizami bir çox əsərlərində elmi şeirdən üstün tutduğunu da açıq şəkildə ifadə edir və oğlu Məhəmmədə verdiyi nəsihətdə onu ilk növbədə elmə yiyələnməyə çağırır. Bildirir ki, alimin dəyəri şairin dəyərindən, elmin faydası şeirin faydasından qat-qat yüksəkdir. Dahi Nizami elmin faydasını insan övladının qarşısına çıxan bütün çətinlikləri yalnız elm vasitəsilə həll etməsinin mümkünlüyündə görür və elmin praktikliyinin şeirlə müqayisəedilməz səviyyədə olduğunu vurğulayır. Bu, Nizaminin elmin praktik vəzifələrinə baxışı məsələlərinə aydınlıq gətirmiş olur. Nizami orta əsr Şərq mütəfəkkirləri kimi elmi praktika ilə əlaqələndirir və praktikasız elmin mövcud olmadığına inanır.
Hesab edirəm ki, bu kitab qeyd olunan məsələlərə yeni bir baxışdır. Nizaminin yaradıcılığı ilə bağlı Azərbaycan alimləri tərəfindən çox sayda məqalələr yazılıb, tədqiqatlar aparılıb, lakin Nizamini dünyaya mütəfəkkir şəxsiyyət kimi tanıtmaq üçün hələ çox işlər görülməlidir.
- Eldar müəllim, bilirik ki, yeni monoqrafiyada Nizami Gəncəvinin elmi baxışları təhlil olunub. Bu zaman hansı arxiv mənbələrdən, elmi qaynaqlardan yararlanmısız?
- Nizami Gəncəvinin elmi düşüncələri, mülahizələri ilə bağlı kitabın “Giriş” bölməsində məlumat verilib. Qeyd edim ki, monoqrafiyanın hazırlanmasında Nizaminin ictimai-siyasi və fəlsəfi fikirləri ilə bağlı mənbə kimi daha çox Məhəmməd Əmin Rəsulzadə, Yevgeni Eduardoviç Bertels, Aqafangel Krımski kimi mütəfəkkirlərin əsərlərinə müraciət olunub. Lakin Nizaminin elmi dünyagörüşü ilə bağlı məhdud sayda əsərlər yazıldığından bu istiqamətdə şəxsi fikirlərimi müqayisəli şəkildə irəli sürərək onları arqumentlərlə əsaslandırmağa çalışmışam.
Nizami Gəncəvi ilə bağlı əsər yazarkən bir çox müəlliflərin - klassiklərin, şərqşünasların əsərlərindən istifadə etmək olar. Lakin Nizaminin özünəxas xüsusiyyəti ondan ibarətdir ki, hər bir şəxs onun yaradıcılığında özünü tapa bilər. Nizaminin əsərlərini təhlil edərkən digər mənbələrə ehtiyac azalır, çünki Nizaminin özü özünü izah edir, istiqamət verir. Nizaminin fikirləri insanı tamamilə yeni, digər müəlliflərin toxunmadığı və ya ötəri toxunub keçdikləri mövzulara istiqamətləndirir. Bəşəriyyət tarixində əsərləri yeniliklərlə və mütərəqqi fikirlərlə zəngin, özü özünü təfsir edən mütəfəkkirlər olduqca azdır. Bu da Nizaminin böyüklüyündən xəbər verir.
- Məlumdur ki, Azərbaycanın dahi şair və mütəfəkkirlərinin, o cümlədən Nizami Gəncəvinin dünyada tanıdılması əsas məqsədlərdəndir. Bu baxımdan müəllifi olduğunuz kitabın ingilis dilində də işıq üzü görməsi üçün tədbirlər nəzərdə tutulurmu?
- Xarici müəlliflərin əksəriyyəti Nizamini şair kimi tanıyır, onun elmi baxışları və siyasi fikirlərindən xəbərsizdirlər. Bu baxımdan Nizaminin əsərlərinin xarici dillərdə çap olunması da zəruri məsələlərdəndir. Ona görə də, “Nizami ili” qeyd olunan əsərlərin ingilis, rus, fransız, fars və digər dillərdə nəşr olunması üçün bir təkan rolunu oynaya bilər.
Əlbəttə, monoqrafiyanın ingilis dilinə tərcümə edilməsi Nizaminin elmi yaradıcılığının daha geniş auditoriyaya təqdim olunması baxımından faydalı olardı. Lakin ölkəmizdə bu sahədə peşəkar mütəxəssislərimizin azlığı elmi terminlərin tərcüməsi çətinliyini yaradır. Bizim mənbələrin Qərbin elmi publisistikasının tələblərinə uyğun tərcüməsi bu gün həllini gözləyən problemlərdəndir. Bu problemi həll etməklə təbliğatla bağlı bir sıra çətinlikləri aradan qaldıra bilərik.
- Sizcə, “Nizami ili” dahi şairin zəngin yaradıcılığının daha dərindən öyrənilməsi və dünya ictimaiyyətinə tanıdılması istiqamətində hansı problemləri aktuallaşdırdı?
- Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Nizami elə bir dahi şəxsiyyətdir ki, onun irsi hansısa əlamətdar tarixlərlə, yubileylərlə deyil, hər zaman tədqiq olunur. Azərbaycanın ədəbi, ictimai-siyasi fikir tarixinə nəzər yetirsək görərik ki, bir çox görkəmli şəxsiyyətlər Nizami yaradıcılığına müraciət edib, onun zəngin irsini dərindən tədqiq edib. Buna nümunə olaraq, Məmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərində, Azərbaycanın görkəmli ədəbiyyatşünası Həmid Araslının Nizamiyə həsr olunmuş əsərlərində Nizami şəxsiyyətinə yüksək qiymət verilib, dahi şairin Azərbaycan mədəniyyəti və ədəbiyyatının formalaşmasındakı rolu təhlil olunub.
İkinci baxış ondan ibarətdir ki, elm və fəlsəfə tarixində kainatda Yer kürəsindən əlavə aləmlərin mövcudluğuna dair fikirlərin müəllifi kimi əsasən Cordano Bruno və qədim Roma filosofu Lukresiya Karın adları çəkilir. Lakin Nizaminin “Xosrov və Şirin” poemasında da bu məsələlərə toxunulması barədə məlumat verilmir. Bu poemada Xosrovun dilindən hər bir ulduzun Yer kürəsi kimi səması, torpağı olduğu vurğulanır. Nizami bu nəzəriyyənin tərəfdarlarından biri kimi ulduzların hər birində yaşayışın mövcudluğunu ifadə edib. Doğrudur, Nizami C.Bruno kimi bu fikirləri vahid konsepsiya şəklində deyil, ehtimallara əsaslanaraq təqdim edib.
Digər tərəfdən, bir çox tədqiqatçılar Nizaminin yaradıcılığında utopiya janrının yaranmasını qədim yunan filosofları Plutonla, orta əsrlərdə isə Tomas Mor, Tomazzo Kampanellanın əsərlərinin təsiri ilə əlaqələndirirlər. Nizami Gəncəvinin “İsgəndərnamə” əsərindəki reallıq baxımından digər utopiyalardan fərqlənən utopiyası isə diqqətdən kənarda qalıb. Nizami utopiyasında dövlətin, cəmiyyətin problemlərinə, insanların tərbiyə metodlarına daha real yanaşır.
Maraqlıdır ki, Nizaminin təklif etdiyi cəmiyyətin siyasi modeli Avropanın indiki dövrü əhatə edən fikirləri ilə o qədər də böyük ziddiyət təşkil etmir. O, xalqın öz fikirlərini azad şəkildə ifadə etməsinin zəruruliyinə toxunur, dövlətin əsas vəzifələrindən birinin insanların hüquqlarının müdafiəsi, vətəndaşların əsas vəzifəsinin isə qanunlara əməl etmək olduğunu bildirir. Dahi mütəfəkkir öz əsərlərində monarxiya sistemini inkar etməsə də, bildirir ki, bu monarxiya yalnız ədalətli, açıq və xalqın öz fikrini ifadə edəcəyi prinsiplər üzərində qurulmalıdır. Qeyd edim ki, hazırda Böyük Britaniya, Norveç, İsveç və Danimarkada bu model tətbiq olunur və konstitusiyalı monarxiya rejimi hökm sürür.
Nizami məsələlərə mütərəqqi yanaşırdı. Bu mütərəqqilik zaman kontekstindən yüksəkdə dayanır. 9 əsr öncə deyilmiş fikirlərə nəzər saldıqda, Nizaminin nə qədər dünyagörüşlü, mütərəqqi və problemləri dərindən təhlil edən insan olduğu, bəşəriyyət üçün ən humanist və optimal fikirlər üzərində dayandığını aydın görmək olur.
“Nizami ili” dahi şairin zəngin yaradıcılığının daha dərindən öyrənilməsi və dünya ictimaiyyətinə tanıdılması istiqamətində bir sıra problemləri də aktuallaşdırıb. Belə ki, müəllifi olduğum kitabda Nizaminin elmə münasibəti geniş işıqlandırılıb. Şərq poeziyasında elmə münasibət mövzusu tədqiqatçılar tərəfindən az işlənilmiş istiqamətlərdəndir. Nizami elmin aktuallığını şeirdən önə çəkərək maariflənmiş və davamlı olaraq elmi potensialını təkmilləşdirən cəmiyyətin inkişaf edəcəyini, əks halda məhvə məhkum olduğunu bildirir.
Digər bir istiqamət isə Nizaminin tarixin inkişaf qanunauyğunluqları məsələsinə əsərlərində yer ayırması ilə bağlıdır. Bu istiqamətdə onun tarixin fəlsəfəsinə dair fikirləri önə çıxır. Məsələn, Nizami Gəncəvi Əhəməni şahı Daranın nümunəsində göstərir ki, hökmdar öz təbəqələri ilə normal rəftar etmirsə, idarəçilik sistemini yalnız zor və güc tətbiq etməklə əlində saxlaya biləcəyini fikirləşirsə, o, yalnış düşüncədədir. Sırf zülm və ədəalətsizlik üzərində qurulan rejim məhvə məhkumdur. Nizami tarixin qanunauyğunluqları məsələsinə münasibətdə fikirlərini kifayət qədər sərt və açıq şəkildə bildirir.
Ölkəmizin bir çox tarixçiləri, mənbəşünasları Nizaminin bioqrafiyası haqqında məlumatlara az rast gəlindiyini qeyd edirlər. Lakin Nizaminin əsərlərinin təhlili göstərir ki, onun əsərləri, xüsusilə “Xəmsə”si şairin bioqrafiyasını yazmaq üçün ən yaxşı mənbələrdən biridir.
Onu da qeyd edim ki, Nizami sarayla münasibətləri gərginləşdirməməyi üstün tutsa da, o heç vaxt saray şairi olmayıb və sarayın mənfəətlərinə və maraqlarına uyğun gələn məsələlərin təbliğatını aparmayıb. Dahi mütəfəkkiri maraqlandıran yalnız elm, bəşəriyyətin gələcəyi və cəmiyyəti narahat edən problemlərin həlli olub. Bu mənada Nizami bütün siyasi konyukturlardan, dövrün məhdudlaşdırıcı çərçivələrindən daha yüksəkdə dayanır.
- Nizami Gəncəvinin müasir dövrümüzlə səsləşən hansı elmi baxışları mövcuddur?
- Nizaminin elmi baxışlarının tədqiqi zamanı rastlaşdığım bir çox maraqlı faktlar oldu. Öncə dahi mütəfəkkirin tibb sahəsində baxışlarına toxunmaq istərdim. Bilirsiniz ki, orta əsrlərdə Avropada psixi problemləri, əqli çatışmazlıqları olan xəstələrə olduqca qəddar münasibət göstərilirdi. Bəzi hallarda onları həbs edir, insanlarla ünsiyyətini məhdudlaşdırırdılar. Hətta inkvizisiyanın tüğyan etdiyi bir dövrdə onları iblislə münasibətdə ittiham edərək yandırırdılar. Lakin Avropadan fərqli olaraq, orta əsrlərdə Şərq dünyasında, xüsusilə İbn Sina və Ər-Razinin yaradıcılığında, elmi fəaliyyətlərində bu məsələlər daha da qabardılır, belə xəstələrlə elmi əsaslara dayanaraq rəftar edilməsinin, xəstəliyin səbəbləri, yaranmasını şərtləndirən amillərin müəyyənləşdirilməsinin zəruriliyinə toxunulur. Tibb elmindəki bu humanizmi Nizaminin əsərlərində də görə bilərik. Nizami öz yaradıcılığında İbn Sina və Ər-Razinin üslubunu üstün tutur və xəstələrin müalicəsi problemlərinə toxunaraq bildirir ki, ilk növbədə, xəstəliyin səbəbləri öyrənilməli, hər bir xəstəyə individual yanaşılmalı və əqli problemləri olan xəstələrlə sərt rəftara yol verilməməlidir. O, bildirir ki, təkcə dərmanlarla deyil, musiqi, təbiətin insan əhvalına müsbət təsiri kimi üsullarla da xəstələri müalicə etmək mümkündür.
- Yeni kitabda Nizamini dünyada tanıdan “Xəmsə” ilə bağlı elmi araşdırmalar da yer alıb. Necə düşünürsünüz, gənc nəslə mənəvi dəyərlərin aşılanmasında böyük rolu olan “Xəmsə”nin öyrənilməsi və təbliği səviyyəsi qaneedicidirmi?
- Əlbəttə, bu suala ədəbiyyatşünas və mənbəşünaslar daha ətraflı izah verə bilər. Lakin vurğulamaq istərdim ki, Nizami Gəncəvinin “Xəmsə”sinin tərcüməsi sətri tərcümə olduğundan onun Azərbaycan dilində elmi təcüməsinə böyük ehtiyac var. “Xəmsə”nin şeirlə tərcüməsi və ətraflı şərh olunması faydalı olardı. Bu möhtəşəm əsər elmi və bədii kanonlara uyğun olaraq yenidən işlənilməlidir. “Nizami ili”ndə bu, Azərbaycan mənbəşünaslığı qarşısında dayanan vacib və aktual məsələlərdən biridir.
Müsahibəni apardı: Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.