AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “Mister Hemferin xatirələri” (İngilis casusunun etirafları) kitabı müzakirə edilib.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli tədbiri giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” sərəncamının önəmindən bəhs edib. Qeyd olunub ki, dünya və Azərbaycan ədəbiyyatının maraqlı nümunələrinin yer aldığı “Oxunması zəruri olan kitablar siyahısı” cəmiyyətdə kitaba marağın, mütaliə bacarıqlarının inkişaf etdirilməsində, dünyagörüşünün zənginləşdirilməsində, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində olduqca böyük əhəmiyyətə malikdir.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aytəkin Qəhrəmanova “Mister Hemferin xatirələri və ya ingilis casusunun etirafları” mövzusunda məruzə edib. Məruzəçi kitabda əksini tapan əsas məqamlara diqqət çəkərək, hər bir fəsli yığcam şərh edib. Bəzi Qərb dövlətləri tərəfindən türk xalqlarına və İslam ölkələrinə qarşı həyata keçirilən məkrli münasibət məruzənin əsasını təşkil edib.
Daha sonra Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Səbuhi Həsənovun çıxışı dinlənilib. Çıxışda müstəmləkə siyasətinin məlum nəticələri, cəmiyyətin gələcək inkişafına mənfi təsirləri təhlil olunub, əsərdə təsvir edilən tarixi faktlara nəzər yetirilib. Əksini tapan hadisələrin fonunda gənc nəslin düzgün, vətənpərvər ruhda tərbiyəsinin önəmi vurğulanaraq vətənin, millətin gələcək mənafeyi naminə mübarizliyin təbliğinin vacibliyi qeyd olunub.
Sonda dinləyicilərin sualları cavablandırılıb, bəzi maraq doğuran məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.