AMEA-nın Geologiya və Geofizika İnstitutunda yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.
Tədbirdə AMEA-nın Neft və Qaz İnstitutunun Neft-qaz geofizikası şöbəsinin müdiri, g.-m.e.d. Namaz Yusubovun “Palçıq vulkanizmi ilə karbohidrogen yataqlarının əlaqəsi varmı? (Cənubi Xəzər çökəkliyi)” mövzusunda məruzəsi dinlənilib.
Təqdimatda seysmik kəşfiyyatın əksolunan dalğa üsulunun istifadəsi ilə çökəklikdəki çöküntü qatının strukturu və onun daxilində yer almış tektonik elementlər və palçıq vulkanizminin və neft-qaz yataqlarının yaranma mexanizmlərinə vahid bir hidrodinamik sistemin tərkib hissələri kimi baxılması haqqında məlumat verilib. N.Yusubov Cənubi Xəzər hövzəsindəki neft-qaz yataqlarıyla zəngin çöküntü kompleksinin yaranması və saxlanmasına nəzarət etmiş geodinamik proseslərin təbiətinin aydınlaşdırılması üzrə tədqiqatlarda seysmik kəşfiyyatın əksolunan dalğa üsulunun əvəzsiz xidmət göstərdiyini vurğulayıb. Alim diqqətə çatdırıb ki, çökəklikdə aşkarlanmış yataqların formalaşmasında tektonik qırılmalar, eləcə də palçıq vulkanizminin fəaliyyətilə əlaqədar yaranmışlar istisna olmaqla, iştirak etməyib: “Bu üsul sedimentasiya proseslərində yaranmış fasilələr və ya toplanmış çöküntü materialının eroziyası hesabına yaranmış fiziki səthlərin (lay və uyğunsuzluq) süni yolla oyadılan seysmik dalğa enerjisini özündən aşağı və ya yuxarı yarımfəzaya ötürmə və əks etdirmə xüsusiyyətlərinə əsaslanır. Digər sözlə, geoloji mühitdən əks olunan dalğa cəbhəsi sinxron və ya qeyri-sinxron geoloji hadisələr haqqında məlumat daşıyıcısıdır”.
N.Yusubov qeyd edib ki, yer qabığının elementləri olan lay və uyğunsuzluq səthlərindən əksolunmalar zaman kəsilişlərində seysmik horizontlar kimi təmsil olunurlar: “Seysmik zaman kəsilişi tədqiqat sahəsinin geoloji kəsilişindəki tektonik pozulmalar, litofasial dəyişkənliklərin hüdudları, müxtəlif formalı qırışıqlıqlar, palçıq vulkanlarının eruptiv kanalları və s. haqqında müfəssəl məlumat daşıyıcısıdır. Beləliklə, seysmik zaman kəsilişi geoloji kəsilişi müşahidə xəttindən keçən şaquli müstəvi üzrə əks etdirir”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.