AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları 21-23 iyun tarixlərində Türkiyənin Səlcuq Universiteti, Adnan Menderes Universiteti və Şimali Makedoniya Antropologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən türk sənəti, tarixi və folkloruna həsr olunmuş XV beynəlxalq elmi konfransda iştirak ediblər.
Konfransda professorlar Əhməd Aytac, Osman Kunduraçı, Rubin Zemon, Zoran Matevski və digər tanınmış alimlərin sənət tarixi, mənbəşünaslıq, türk tarixinə dair məruzə və çıxışları dinlənilib.
Beynəlxalq tədbirə onlayn şəkildə qoşulan Nizami muzeyinin əməkdaşları ədəbiyyat, türkologiya, muzeyşünaslıq və s. mövzularda çıxışlar ediblər. Muzeyin elmi katibi, fil.ü.f.d. Nuranə Əsədullayevanın “Poeziyada tarixi gerçəklik düşmən obrazları kontekstində”, Ədəbi mərasimlər və nəşrlər şöbəsinin müdiri, fil.ü.f.d. Kəmalə Nuriyevanın “İnsan hüznünün poetik ifadəsi baxımından ədəbiyyatda esxatoloji ünsürlər”, həmin şöbənin elmi işçisi, fil.ü.f.d. Afət Qədirovanın “Cəfər Cabbarlının “Aydın” pyesinin ideya-bədii poetikası”, Mətbuat və informasiya şöbəsinin müdiri, fil.ü.f.d. Nəzmiyyə Yigitoğlunun “I Bakı Türkoloji Qurultayı və onun siyasi-mədəni gerçəkləri”, Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri, kul.ü.f.d. Nailə Əliyevanın “Nizami muzeyinin müasir sərgisində təsəvvüf ədəbiyyatının təqdimatı”, Qadınlar Təşkilatının sədri, fil.ü.f.d. Sevinc Heydərovanın “Ana dili milli varlığımız, milli qürurumuzdur” adlı məruzələri maraqla qarşılanıb.
Tədbir çərçivəsində iştirakçılar türk dünyasının sənət və mədəniyyət tarixini əks etdirən virtual sərginin nümayişini izləyib, musiqi ifalarını dinləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.