AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda sözügedən müəssisənin əməkdaşları, SNC Azərbaycanın üzvləri - coğrafiya üzrə fəlsəfə doktorları Natəvan Cəfərova və Elnur Səfərovun milli ekspertlər qismində iştirakı ilə Azərbaycan Milli Təşəbbüs Qrupunun (SNC Azərbaycan) regional dialoqun və əməkdaşlığın inkişafı və planlaşdırılması ilə bağlı üçüncü görüşü keçirilib.
Görüşün əsas məqsədi Qafqaz dağ bölgəsinin davamlı inkişafı yolunda mövcud problemlərin aradan qaldırılması üçün akademik sektor və praktiklər arasında əməkdaşlığı gücləndirmək, əməkdaşlıq mexanizmlərini və ortaq sistemli tədbirləri müzakirə etmək olub.
Tədbirdə elmi, qeyri-hökumət, beynəlxalq təşkilatların, özəl sektorun və icra orqanlarının nümayəndələri iştirak ediblər.
Yığıncaqda Milli Təşəbbüs Qrupunun fəaliyyəti, Qafqaz dağ bölgəsindəki sığorta tariflərinin hesablanması üçün risklər və Qafqaz dağlarında şabalıd ağacının itmə təhlükəsi, iqlim dəyişikliyi problemləri və Azərbaycandakı əlaqəli layihələr, binaların enerji səmərəliliyi məsələləri və enerji modelləşdirmə metodunun tətbiqi, enerji qənaətinə dair sosial məlumatlılığın aşağı səviyyədə olması və s. kimi məsələlər müzakirə edilib.
Görüş İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) tərəfindən maliyyələşdirilən "Cənubi Qafqazda İqlimə Uyğunlaşma Tutumlarının Gücləndirilməsi" (SCAC) layihəsi çərçivəsində keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.