AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Türkiyənin Atatürk Universiteti ilə həyata keçirdiyi müştərək elmi tədqiqatların nəticələrinə həsr olunan beynəlxalq elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 2015-ci ildən Türkiyənin müxtəlif şəhərlərində yerləşən aparıcı elm mərkəzləri, universitetləri ilə birgə əməkdaşlıq edilir. “Bu universitetlər içərisində Atatürk Universiteti mühüm yer tutur. Çünki institut əməkdaşları tərəfindən indiyə qədər sintez olunmuş 200-ə yaxın maddələrin fizioloji fəallıqlarının tədqiqi ilə Atatürk Universitetindəki həmkarlarımız məşğul olur və çox mühüm elmi nəticələr əldə olunub. Bu nəticələr birgə məqalələr şəklində dünyanın ən nüfuzlu elmi jurnallarında çap edilib”.
V.Fərzəliyev qeyd edib ki, seminarın təşkil olunmasının əsas məqsədi də indiyə qədər aparılmış tədqiqatların əsas nəticələrini bir daha müzakirə etmək və növbəti mərhələdə gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirməkdir.
Akademik müştərək beynəlxalq tədqiqat qrupunun Türkiyədən olan rəhbəri Dr., professor İlhami Gülçin haqqında qısa məlumat verərək onun elmi əsərlərinə olan ümumi istinada görə dünyanın ən reytinqli alimləri sırasına daxil olduğunu, apardığı elmi araşdırmaların dünyada kimya, biologiya, fermentlər kimyasının mexaniziminin tədqiqi üzrə olmaqla tibbin ən geniş yayılmış patoloji proseslərə qarşı enzim-izoenzimlərin antioksidant, inhibitor fəallıqlarının tədqiqini əhatə etdiyini bildirib.
“AMEA Aşqarlar Kimyası İnstitutu ilə Atatürk Universiteti arasında beynəlxalq əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivləri” mövzusunda çıxış edən sözügedən müəssisənin elmi işlər üzrə direktor müavini k.e.d., dosent Əfsun Sucayev bildirib ki, qardaş ölkənin aparıcı universiteti olan Atatürk Universiteti dünyanın reytinq siyahısında ən öndə yer alıb: “Bu elm mərkəzi ilə beynəlxalq əməkdaşlıq təkcə Aşqarlar Kimyası İnstitutu deyil, digər akademik elm mərkəzləri və universitetlərimizin fundamental nəzəri tədqiqatlarının səviyyəsinin əsaslı şəkildə artırılmasına səbəb olub. İndiyə qədər bu universitetlə əməkdaşlıq nəticəsində 30-a yaxın müştərək məqalə Azərbaycan adı olmaqla, dünyanın nüfuzlu elmi bazalarında arxivləşmiş və onlara toplam 1000-dən çox istinad olunub”.
Ə.Sucayev bu əməkdaşlığın hələki Azərbaycanın bu sahədə mövcud potensialını tam əks etdirmədiyini vurğulayıb və gələcək əməkdaşlıq üçün yeni-yeni istiqamətlərin müəyyənləşdirildiyini və həmin istiqamətlərdə daha çox tədqiqatların aparılacağını, potensiallı gənclərin həmin elmi mərkəzə təcrübəkeçməyə cəlb olunacağını, birgə konfransların təşkil olunacağını qeyd edib.
Atatürk Universitetinin Fənn fakultəsinin kimya bölməsinin professoru, Biokimya laboratoriyasının Elmi Araşdırma Qrupunun rəhbəri Dr. İlhami Gülçin “Bəzi qlobal xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların müqayisəli təsiri" mövzusunda məruzə edib. O, çıxışında canlı orqanizmlərdə hüceyrə səviyyəsində enzim-izoenzim fəaliyyətinin pozulması nəticəsində yaranan bədxassəli şişlər, alzeymer, qlaukoma, şəkərli diabet, hipertoniya kimi çox yayılan qlobal xəstəliklərin yaratdığı patoloji halların tamam dayandırılması və zəiflədilməsi istiqamətində Aşqarlar Kimyası İnstitutu və digər elmi mərkəzlərdə sintez olunan inhibitorların antioksidant, metabolizm və digər bioloji fəallığının tədqiqi istiqamətində yerinə yetirilən tədqiqatların əsas nəticələri haqqında məlumat verib.
Sonda davam etdirilən elmi araşdırmaların perspektiv imkanları və bu istiqamətdə birgə əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.