AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Mərhum direktor, akademik Ramiz Məmmədovun dünyasını dəyişməsilə əlaqədar institutun direktoru vəzifəsini icra edən, f.ü.f.d., dosent Rüstəm Rüstəmov Coğrafiya İnstitutunun Elmi şurasının müvəqqəti olaraq sədri vəzifəsinə təyin edilib.
İclasa sədrlik edən dosent R.Rüstəmov gündəlikdə duran məsələləri elan etdikdən sonra institutun Elmi şurasının yeni tərkibi məsələsinə baxılıb və təsdiq edilib.
İclasın sədri ekspedisiyaların təşkili və hesabatların təqdim edilməsi məsələsini müzakirəyə çıxarıb, çöl ölçmələrinin elmdə əhəmiyyətini və əldə olunan nəticələrin reallığı əks etdirməsinin vacibliyini vurğulayıb.
Sözügedən müəssisənin Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov AMEA Rəyasət Heyətinin elmi müəssisələrinin yeni strukturu haqqındakı qərarına uyğun olaraq, Coğrafiya İnstitutunun yeni strukturu ilə iştirakçıları tanış edib.
İnstitutun Təhsil şöbəsinin müdiri, c.ü.f.d. Müseyib Yunusov magistrantların 2020/2021-ci tədris ilinin yay imtahan sessiyasını müvəffəqiyyətlə başa vurduqlarını diqqətə çatdırıb.
Tədbirdə c.ü.f.d. E.Səfərovun İsveçrə tərəfindən ayrılan təqaüd hesabına adı çəkilən ölkəyə bir il (sentyabr 2021 – avqust 2022) müddətinə ezam olunması məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
İclasda, həmçinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə Xəzər dənizinə ekspedisiyaların təşkili, “Qarabağın coğrafiyası” adlı monoqrafiyanın hazırlanmasının vəziyyəti, institutun qəzet və elmi jurnallarına abunəlik və s. məsələlər də müzakirə edilərək müvafiq qərarlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.