Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.07.2021 10:54
  • A-
  • A
  • A+

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən I beynəlxalq mədəniyyət, elm və təhsil konfransı keçirilib

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən I beynəlxalq mədəniyyət, elm və təhsil konfransı keçirilib

AMEA-nın Folklor İnstitutu, Gəncə Bölməsi və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən I beynəlxalq mədəniyyət, elm və təhsil konfransı keçirilib.

Konfransın açılış mərasimində əvvəlcə Nizami yurdu Gəncə ilə birbaşa bağlantı qurulub. Nizami məqbərəsindəki toplantı İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi Əlvan Cəfərovun moderatorluğu ilə aparılıb.

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusifli, filologiya üzrə fəlsəfə doktorları Səba Namazova, Raqif Hüseynov, Əlimuxtar Muxtarov, Aləmzar Tağıyeva, Ruziyə Quliyeva, bölmənin əməkdaşları - Elnur Həsənov, Mətanət Əliyeva, Türkan Verdiyeva, Xəyalə Hüseynova, Çimnaz Vəliyeva və Vaqif Tanrıverdiyev şairin məqbərəsini ziyarət edib, Nizami irsi ilə bağlı fikirlərini bölüşüblər.

Konfransın təşkilində verdikləri dəstəyə görə, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və professor Xəlil Yusifliyə İKSAD-ın təsis etdiyi mükafat təqdim olunub.

Tədbirin plenar iclasında AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək konfransın “Nizami ili” çərçivəsində keçirildiyini vurğulayıb. Akademik bildirib ki, Nizami dünyanın ən nadir və qüdrətli sənətkarlarından biri və məktəb yaradan sənətkar olub. O, şairin dünya ədəbiyyatı tarixində “Xəmsə” yaradan ilk sənətkar və “Xəmsə”nin onun ədəbi məktəbinin ana xəttini təşkil edən poetik bir sistem olduğunu diqqətə çatdırıb. Nizaminin dərin bir alim, eləcə də görkəmli mütəfəkkir olduğunu vurğulayan M.İmanov şairin bədii söz ustası kimi dünya ədəbiyyatına əsaslı dərəcədə təsir etdiyini bildirib.

Sonra AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, fil.e.d. Ramazan Qafarlı, Mifologiya şöbəsinin müdiri, fil.e.d., prof. Seyfəddin Rzasoy, Musiqi folkloru şöbəsinin müdiri, sən.e.d., prof. Nailə Rəhimbəyli, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d., prof. Cəlal Qasımov və İKSAD-n rəhbəri, Dr. Mustafa Lətif Əmək çıxış edərək Nizami yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans açılış mərasimindən sonra öz işini bölmə iclasları ilə davam etdirib və 90-a yaxın məruzə dinlənilib. Sözügedən iclaslarda İKSAD-ın rəhbəri, Dr. Mustafa Lətif Əmək, baş əlaqələndirici Atabek Movlyanov və Nurlan Əhmədov da iştirak ediblər.

Tədbir çərçivəsində İKSAD-ın məruzəçiləri təltif olunublar.

Bölmə iclaslarından sonra estafeti Naxçıvan qəbul edib, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılovun rəhbərliyi ilə hazırlanan “Nizami” kompozisiyası ilə tədbir başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: