Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.07.2021 12:38
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının elmi-təşkilati məsələlərə həsr edilmiş növbəti iclası keçirilib.

İclası müəssisənin direktoru, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, institutun doktorant və dissertantlarının geologiya və geofizika elmləri üzrə ümumi baza biliklərini zənginləşdirmələri məqsədilə xüsusi seminarların təşkilinin vacibliyini vurğulayıb.

Sonra GGİ-nin doktorant və dissertantlarının attestasiyasının yekunları haqqında Larisa Biryukova, 2020/2021-ci tədris ilində təhsilini başa vuran magistrantların İxtisaslaşdırılmış müdafiə şuralarında magistr dissertasiya işlərinin müdafiəsinin yekunları haqqında isə yer elmləri üzrə fəlsəfə doktoru, dosent Səadət Ələkbərova məruzə ilə çıxış ediblər.

İclasda, o cümlədən geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun gənc alim və tələbələrin “Geologiya və geofizikada innovasiyalar” VIII ənənəvi beynəlxalq elmi konfransının hazırlıq vəziyyətinin gedişatı haqqında məlumatı dinlənilib. O.Abbasov bildirib ki, sözügedən tədbir 2005-ci ildən etibarən ənənəvi keçirilir və bu il konfransın onlayn formatda baş tutması planlaşdırılır. Məruzəçi konfransın təşkilat komitəsinin yaradıldığını və saytının hazırlandığını, beynəlxalq tədbirdə iştirak üçün indiyə kimi 50 (28 xarici, 22 yerli vətəndaş) gənc alim və tələbənin müraciət etdiyini söyləyib.

Sonda akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun elmi-təşkilati fəaliyyətinin birinci yarımilliyinin nəticələri haqqında danışaraq bildirib ki, son 6 ay ərzində müəssisə əməkdaşları məhsuldar çalışıblar. Akademik diqqətə çatdırıb ki, hesabat dövründə “Bərpa olunan enerji mənbələri” (Coğrafiya İnstitutu ilə birlikdə), “Mineral xammalın tətbiqi texnologiyası” (Kataliz və Qeyri-üzvi Kimya, Torpaqşünaslıq və Aqrokimya institutları ilə birlikdə) fənlərarası laboratoriyaları yaradılıb, “Azərbaycanın Paleontoloji Muzeyi” Atlasının hazırlanması üzrə işlər davam etdirilib, nəzəri və tətbiqi geologiyaya, eləcə də Yer fizikasına həsr edilən kurslar təşkil olunub.

A.Əlizadə, həmçinin kadr hazırlığına diqqətin artırılmasını, GGİ-də təhsil alan gənclərlə ünsiyyətin gücləndirilməsini şöbə müdirlərinin və elmi rəhbərlərin diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: