Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabı nəşr olunub
08.07.2021 11:38
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabı nəşr olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, gənc alim, s.e.ü.f.d. Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabı nəşr olunub.

Kitabın baş elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev, elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru İzzət Rüstəmovdur.

Nəşr Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının 11 noyabr 2020-ci il tarixli qərarı ilə çapa tövsiyə olunub.

Kitabda elmin təşəkkül tarixi, bilik uğrunda mücadilə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sisteminin formalaşması, Bakı Dövlət Universitetinin təsis edilməsi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun açılması, SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin yaradılması, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi və Azərbaycan Elmlər Akademiyasının ümumrespublika elm mərkəzinə çevrilməsi elmi cəhətdən əsaslandırılmış şəkildə oxucuya təqdim olunur.

Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidentlərinin həyat və yaradıcılığı, institutları haqqında geniş məlumat verilir. Hazırda akademiyanın institut və təşkilatlarında aparılan elmi araşdırmalar və AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycanda elmin inkişafı istiqamətində gördüyü işlər öz əksini tapıb. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyinin hər iki tarixi mərhələsində Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı, mühüm məqamları araşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar, inkişaf strategiyası, Azərbaycan Milli Elmlər Akademiyasına diqqət və qayğısından geniş şəkildə bəhs olunur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı fikirləri, çıxışları diqqətə çatdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: