Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.07.2021 17:11
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbirdə institutun rəhbərliyi, şura üzvləri və dəvət olunmuş qonaqlar, o cümlədən müəssisənin gənc tədqiqatçıları iştirak ediblər.

İclası institutun baş direktoru, akademik Əli Abbasov açaraq gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və sözü İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqova verib.

Ə.Sadıqov əvvəlcə AMEA-nın 27 may 2021-ci il tarixində keçirilmiş Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini xatırladıb, onun əsas müddəaları haqqında tədbir iştirakçılarına məlumatlandırıb. Qeyd edib ki, müraciətdə ölkəmizin inkişafı və xalqımızın rifahının daha da yüksəldilməsi ilə bağlı AMEA-nın elmi müəssisələrinin, o cümlədən İSİ-nin qarşısında duran mühüm vəzifələr öz əksini tapıb. Onun sözlərinə görə, elm və təhsilin inteqrasiyası, ordu quruculuğuna müasir elmi yanaşma, informasiya cəmiyyətinin yaradılması, təbii ehtiyatların qorunması və s. məsələlərin həllində İdarəetmə Sistemləri İnstitutu yaxından iştirak etməlidir.

Sonra AMEA Rəyasət Heyətinin 10 iyun 2021-ci il tarixli qərarının icrası haqqında müzakirə aparılıb və müvafiq qərarlar qəbul olunub.

Ə. Sadıqov, həmçinin İSİ-nin laboratoriyalarında 2021-ci ilin 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatları təqdim edib, əldə olunmuş nəticələr, dərc edilmiş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verib.

Tədbirdə institutun yarımillik hesabatı geniş müzakirə olunub və müvafiq qərar qəbul edilib.

İclasda Füzuli rayonunun Horadiz kəndi timsalında hazırlanmış “Ağıllı kənd” konsepsiyası haqqında müəssisənin laboratoriya müdiri, professor Elçin Əliyev, “Qorqud Holdinq” MMC-nin nümayəndələri Cabbar Həsənov və Vagif Ələkbərov məlumat veriblər. Qeyd olunub ki, konsorsium tərəfindən “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ölkəmizdə işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması siyasətinə tamamilə uyğundur. Bildirilib ki, İSİ-nin konsorsiumda planlaşdırılan iştirakı layihənin əsasında smart texnologiyalarının dayanmasını şərtləndirir, həmçinin yerli və xarici şirkətlər tərəfindən böyük həcmdə investisiya qoyuluşu nəzərdə tutulur, o cümlədən dövlət-özəl-akademik əməkdaşlıq üçün yaxşı zəmin yaranır.

Məruzəçilər AMEA-nın bu sahədə aidiyyəti qurumlarla birgə tədqiqatlarından, İSİ-dəki elmi istiqamətlərdən bəhs ediblər.

Elmi şura layihənin bəyənilməsi və onun daha yüksək səviyyədə müzakirə edilməsi məqsədilə AMEA-nın Rəyasət Heyətinə müraciət edilməsi barədə qərar verib.

Sonra Ə.Sadıqov AMEA-nın Elm, təhsil və texnologiya problemləri üzrə Elmi şurasının 2021-2022-ci illər üçün iş planına dair təkliflər haqqında tədbir iştirakçılarını məlumatlandırıb və şuranın növbəti ildə fəaliyyət planına daxil edilmək üçün institut tərəfindən irəli sürülən təkliflər müzakirə olunub.

Tədbirdə, həmçinin patent işlərinin əlaqələndirilməsi və təkmilləşdirilməsi barədə müvafiq qərar qəbul edilib.

Sonda akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün müəssisədə sağlam rəqabət mühitinin yaradılmasının, məhsuldar çalışan alimlərin əməyinin stimullaşdırılmasının vacibliyini vurğulayıb və qurumun bir qrup əməkdaşına AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri fərmanlarını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: