Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.07.2021 10:57
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda ADNSU ilə birgə elmi seminar keçirilib

İdarəetmə Sistemləri İnstitutunda ADNSU ilə birgə elmi seminar keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri ilə birgə elmi seminar keçirilib.

Tədbirdə institutun baş direktoru, akademik Əli Abbasov, icraçı direktor, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Əliyarov, High Performance Computing (HPC) üzrə rektor müşaviri, professor Ehsan Musəvi, Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, HPC-nin elmi rəhbəri, professor Araz Əliyev, institutun bir qrup alim və mütəxəssisi, həmçinin dəvət olunmuş qonaqlar iştirak ediblər.

Tədbirdə akademik Əli Abbasov 2019-cu ildə regionda ilk dəfə ADNSU-da High Performance Computing mərkəzinin yaradıldığını qeyd edərək HPC-nin imkanlarından və elmin inkişafındakı rolundan, ikitərəfli əməkdaşlıq əlaqələrindən bəhs edib. Akademik cari ilin mart ayında bu sahədə İSİ ilə ADNSU arasında imzalanan əməkdaşlıq müqaviləsini xatırladaraq institutun müvafiq laboratoriyalarında yüksək sürət tələb edən tətbiqi məsələlərin həlli istiqamətində HPC-nin imkanlarından yararlanmağın zəruriliyini və böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra HPC mərkəzinin elmi və təşkilati işlər üzrə icraçısı, t.ü.f.d. Nigar İsmayılova təqdimatla çıxış edərək yüksək səviyyəli hesablama sistemlərinin müasir dövrdə ölkələrin elmi-texnoloji inkişafı üçün zəruriliyini bildirib, HPC-nin elmtutumlu iri sənaye müəssisələri və akademik qurumlar tərəfindən, əsasən, böyük həcmli hesablamalar tələb edən elmi-praktik məsələlərin həlli üçün tətbiq olunduğunu söyləyib. N.İsmayılova sözügedən sahədə kadr hazırlığının önəmini vurğulayaraq bu istiqamətdə ADNSU-nun rolu, görülən işlər və beynəlxalq layihələrlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Professor Ehsan Musəvi isə hazırda müasir elmi tədqiqatlarda geniş tətbiq olunan HPC-nin imkanlarından söz açıb və onun kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə edildiyi kvant mexanikası, hava proqnozlaşdırılması, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə kimi müxtəlif elm sahələrində geniş tətbiq imkanlarına malik olduğunu deyib. E.Musəvi AMEA-nın elmin inkişafındakı əhəmiyyətli roluna toxunaraq İSİ ilə əməkdaşlığın Azərbaycanda böyük həcmli və yüksək sürət tələb edən hesablamaları həyata keçirərkən ortaya çıxan problemlərin həllində önəmli olacağını və bu istiqamətdə inkişafa mühüm töhfələr verəcəyini bildirib.

Daha sonra Ehsan Musəvi və professor Araz Əliyev tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, mövzu ətrafında fikirlər səsləndirilib və gələcək perspektivlərlə bağlı təkliflər irəli sürülüb.

Tədbirdə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və professor Rauf Əliyarov çıxış edərək imzalanmış əməkdaşlıq sazişi çərçivəsində ADNSU-nun bazasında olan HPC-nin imkanlarından istifadə etməyin bir sıra fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılmasında zəruriliyini vurğulayıb, bu istiqamətdə görüləcək işlərin gələcəkdə mühüm elmi nəticələr əldə olunmasına töhfələr verəcəyini bildirib, təkliflərini səsləndiriblər.

Seminar çərçivəsində İSİ-də aparılan bir neçə tədqiqatların, o cümlədən pilotsuz uçan aparatların optimal idarə edilməsi, təbii dilin emalı və başa düşülməsi, qeyri-müəyyənlik şəraitində obyektlərin tanınma məsələsi və süni intellektin tətbiqi ilə bir sıra praktiki məsələlərin həllində universitet alimləri ilə birlikdə yüksəksürətli hesablamalar mərkəzinin resurslarının səmərəli istifadəsi geniş müzakirə olunub.

Sonda akademik Əli Abbasov müzakirələri yekunlaşdıraraq HPC mərkəzinin imkanlarından daha səmərəli istifadə etmək məqsədilə institutun aparıcı alim və mütəxəssislərinə müvafiq tapşırıqlar verib, bu sahədə əməkdaşlığın hər iki müəssisə üçün önəmini bir daha vurğulayaraq ADNSU rəhbərliyinə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: