AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov “İnsan və dünya arasında iki ən mühüm qoruyucu sədd: ev və geyim” adlı fəlsəfi məzmunlu məqaləsində günümüz üçün aktual olan bir sıra məsələləri şərh edir.
Professor Adil Əsədovla bu mövzuda müsahibəni təqdim edirik:
- Sosial norma olan ev və geyimin ilkin təyinatı insanı ətraf-mühitin zərərli təsirlərindən qorumaq olub. Lakin evin və geyimin bəşər tarixi boyunca kəsb etdiyi funksiyalara dair başqa fəlsəfi mülahizələr də var.
- Ən ümumi halda səciyyələndirsək, ev və geyim insanın özü ilə kənar dünya arasında yerləşdirdiyi elə bir reallıqdır ki, bu reallıq vasitəsilə insan bir tərəfdən özünü ətraf dünyanın sui-istifadəsindən mühafizə edir, yəni insana mənsub olmalı olan və mənsub olan enerjinin, informasiyanın və maddiyyatın, mühitin ondan qoparıb almasının qarşısını alır və digər tərəfdən ətraf dünyanın sanki ona yükləmək istədiyi izafi enerjidən, izafi informasiyadan və izafi maddiyyatdan, bir qədər kəskin tərzdə deyilərsə, mühitin enerji, informasiya və maddə çirkabından insan özünü ev və geyim adlı reallıqlar vasitəsilə qoruya bilir.
Üstəlik, ev və geyim insanı əhatə edən mühitdə daşınan, lakin insana mənsub olmalı olan enerjinin, informasiyanın və maddiyyatın insan tərəfindən mənimsənilmə imkanlarını genişləndirir və həmçinin də insanın özündə daşınan, lakin mühitə mənsub olmalı olan enerji, informasiya və maddiyyatın mühitə təyinatı üzrə verilməsini də asanlaşdırır.
Beləliklə, ev və geyim bir tərəfdən insanı onun ətraf dünya tərəfindən sui-istifadə edilməsindən qoruyur və digər tərəfdən onun dünya ilə enerji, informasiya, maddə kanalları ilə ünsiyyətini asanlaşdırır.
Bu fikrin konkret məzmunu punktual olaraq və bir qədər də sadələşdirilmiş şəkildə belə ifadə oluna bilər ki, ev və geyim insan və ətraf dünya arasında enerji mübadiləsinin tənzimlənməsində onların oynadığı rolu özündə ehtiva edir. Ən azı elə bu səbəblərdən də ev və geyim insan həyatında müstəsna əhəmiyyətə malikdir.
- Bildirirsiniz ki, həm ev, həm də geyim hər şeydən öncə insan və təbii mühit arasında yerləşən mühafizə örtüyü statusundadır. Bu statusun sağlamlıq və gigiyenamızda rolu nədir?
- Sadə tərzdə ifadə etsək, ev və geyim insanı soyuqdan və istidən, təbii mühitin insanı məruz qoyduğu bu iki güclü təsirdən mühafizə edir. Əgər insan ev və geyim adı verdiyi bu mühüm ixtiraları etməmiş olsaydı, təbiətin ona göstərdiyi həmin bu təzyiqlərə duruş gətirə bilməzdi.
İnsan soyuğun doğurduğu əzab hissiyyatını o zaman çərçivəsi daxilində yaşayır ki, bu zaman çərçivəsi insanın malik olduğu və malik olmalı olduğu enerjinin ətraf təbii mühit tərəfindən insandan qoparıb ayrılaraq mənimsənilməsi ilə səciyyələnir. İnsan istiliyin doğurduğu əzab hissiyyatını isə o zaman çərçivəsi daxilində yaşayır ki, ətraf təbii mühit bu zaman çərçivəsi daxilində öz izafi enerjisini insanın cismani varlıq sərhədləri daxilinə yükləməkdə olur.
Ev və geyim insan və təbii mühit arasında yerləşdirilən mühafizə örtüyü statusunda olduğundan, ətraf təbii mühitin insanı məruz qoyduğu bu iki mənbəyin təsirinin kifayət dərəcədə azaldılmasında və hətta onların hər ikisinin qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Bir mühüm faktı da əlavə edim ki, insanın malik olduğu və malik olmalı olduğu enerjinin ətraf mühit tərəfindən insandan qoparılıb ayrılaraq mənimsənilməsi və həmçinin də ətraf mühitin insanı öz izafi enerjisi ilə yükləməsi yalnız təbii mühitə aid olan bir hal deyildir. Eləcə insanı əhatə edən sosial mühit də insanın malik olduğu enerjini ondan qoparıb ala bilir.
İnsanın malik olduğu fiziki enerjidən, yəni onun bioloji enerjisindən, əzələ gücündən həmin insanın təbii təyinatına uyğun olmayan bir şəkildə istifadə etmək bu insanı fiziki istismara məruz qoymaqdır. İnsanın malik olduğu mənəvi enerjidən, yəni onun xeyirxahlıq duyğularından həmin insanın təbii təyinatına uyğun olmayan bir şəkildə istifadə etmək isə bu insanı mənəvi istismara məruz qoymaqdır.
Ev və müəyyən dərəcədə həm də geyim insan və onu əhatə edən cəmiyyət arasında real bir sədd təşkil etdiyindən, insanı fiziki və mənəvi istismardan, yəni insanın fiziki və mənəvi enerjisinin ətraf sosial mühit tərəfindən insanı enerjinin təbii təyinatına uyğun olmayan bir şəkildə mənimsənilməsindən bu və ya digər dərəcədə qoruyur. İnsanı onun neqativ yüklü həmcinslərinin daxili çirkabından - onların deyingənliyindən, eyhamlarından, haqlı və haqsız tənqidlərdən, ittihamlardan, təhqir və böhtanlardan da bu və ya digər dərəcədə uzaq tutur. Nəticədə bütün bunlar sress amili doğurur ki, insanda əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır.
Sualınızın sağlamlıq və gigiyena ilə bağlı hissəsinə gəldikdə isə qeyd edim ki, əgər insan orqanizmini təşkil edən hər bir hüceyrə və hər bir orqan öz işini tam şəkildə uğurla yerinə yetirirsə, bu sağlamlıqdır. Yox əgər hüceyrə və orqanlar öz təbii təyinatlarını tam həcmdə yerinə yetirə bilmirlərsə, bu xəstəlikdir. Xəstəlik əslində iki səbəbdən – orqanizmin izafi enerji, izafi maddiyyat və izafi informasiya ilə yüklənməsi və zəruri enerji, zəruru maddiyyat və zəruru informasiyadan insanın məhrum qalmasından qaynaqlanır. Birinci hal enerji, maddiyyat və informasiya çirkabı, ikinci hal isə enerji, maddiyyat və informasiya aclığıdır.
- Ev və geyim mühiti antropogen çirkabdan necə qoruyur?
- Ev və geyim ilk baxışda bir qədər kobud səslənsə də, insanın özündən ayırmalı olduğu maddiyyatın ətraf dünyaya, ətraf dünyanı çirkləndirmədən ötürülməsini asanlaşdırır.
Ümumiyyətlə götürüldükdə, ev və eləcə də geyim mühiti antropogen çirkabdan – insan fəaliyyəti nəticəsində mühitə yüklənən izafi enerjidən, izafi informasiyadan və izafi maddiyyatdan müəyyən dərəcədə olsa da müdafiə edir.
Lakin ev və geyim ilk növbədə mühitin insan tərəfindən sui-istifadə olunmasının qarşısının alınmasına deyil, insanın mühit tərəfindən sui-istifadə olunmasının qarşısının alınmasına təyinatlıdır.
İnsanı əhatə edən cansız təbiət öz qüvvələrinin tətbiq olunma obyekti kimi, həmçinin insandan da istifadə etməyə meyllidir. İnsanı əhatə edən canlı təbiət isə insandan bir qida kimi, konkretləşdirilərsə, faunal təbiət insandan bir qənimət, bir qurban kimi, floral təbiət isə sanki bir gübrə kimi istifadə etməyə meyllidir.
Odur ki, ətraf dünyanın maddiyyat çirkabından da insan özünü geyim və xüsusən də ev vasitəsilə qoruyur, ev və geyim mühitin tullantılarının insanın cismani varlıq sərhədləri daxilinə sanki tullantıların atılması üçün nəzərdə tutulan bir qab kimi yükləməsindən insanı mühafizə edə bilir.
Ev və geyim insanı onun bədənindən və bəlkə də bütün cismani varlığından sui-istifadə olunmasından onu, həmçinin materiya baxımdan da bu və ya digər dərəcədə qoruyur.
Digər yandan ev və geyim mühitdə daşınan, lakin insana mənsub olmalı olan maddi sərvətlərin insan tərəfindən mənimsənilməsini asanlaşdırır.
- Bildiyimiz kimi pandemiya günləri hazırda da müəyyən şərtlərlə davam edən ev təcridi rejimi tətbiq edildi. Bu hal bioloji, sosial və psixoloji həyatımızda şüurlu dəyişikliklərə səbəb oldu. Pandemiya bizə fiziki və ruh sağlığımız üçün hansı həyat fəlsəfəsini öyrədir?
- Pandemiya insanların fiziki təmas imkanlarını xeyli məhdudlaşdırdı. Amma müasir insanların ünsiyyət məkanı özündə yalnız fiziki təmas imkanlarını ehtiva etmir. Unutmamalıyıq ki, virtual ünsiyyət müasir insanın ən mühüm atributlarından biridir. Özü də virtual ünsiyyət yalnız kompüter və internet şəbəkəsi vasitəsilə hazırda sağ olan insanlarla baş verən kontaktlar demək deyildir, həm də bizim dünyamızı fiziki olaraq artıq tərk etmiş bəşər övladları ilə kontaktlar deməkdir. Bəşərin dahi övladlarının qoyub getdiyi, hazırda kitablarda, elektron sənədlərdə qorunub saxlanılan fikir və düşüncələri, vaxtilə ilhamlanaraq yaratdıqları rəsmləri, musiqi əsərləri, heykəltaraşlıq və memarlıq nümunələri biz müasir insanların ünsiyyət məkanına daha yaxın oldu. Fiziki təmas imkanlarımız məhdudlaşsa da, bizdən çox öncələr yaşamış dəyərli bəşər övladları ilə virtual ünsiyyət imkanlarımız xeyli genişləndi.
Pandemiya dövrü şəxsən mənim üçün və rəhbərlik etdiyim şöbə üçün kifayət dərəcədə uğurlu oldu. Yarımçıq qalan monoqrafiyamı tamamladım, digər bir monoqrafiyanı çapa hazırladıq. Qısa desək, tədqiqat üçün məhsuldar şərait yarandı. Ən əsası isə qətiyyən unutmaq olmaz ki, Vətən müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanımızın rəhbərliyi altında parlaq qələbəsi də elə pandemiya dövrünə təsadüf etdi. Pandemiya xalqımızı qorxutmadı, əksinə səfərbər etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.