Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2015 00:00
  • A-
  • A
  • A+

“Kitabi-Dədə Qorqud” saz və söz işığında” mövzusunda tədbir keçirilib

“Kitabi-Dədə Qorqud” saz və söz işığında” mövzusunda tədbir keçirilib

Fevralın 20-də AMEA-nın Əsas binasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Kitabi-Dədə Qorqud” saz və söz işığında” mövzusunda tədbir keçirilib.

Məşhur qorqudşünasların, türkoloqların, araşdırmaçıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu il Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz türk dastanı - “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü olduğunu bildirdi. Qeyd etdi ki, dastanın “Təpəgöz” boyunun 1815-ci ildə elmi müstəviyə çıxarılmasının 200-cü ildönümü ilə əlaqədar ilboyu təbliğatının aparılması məqsədilə ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Akademikin sözlərinə görə, dastanın elmi müstəviyə çıxarılmasının 200-cü ildönümünün dünya səviyyəsində qeyd olunması Azərbaycan tarixi və mədəniyyətinin təbliğində çox önəmlidir.

Akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanına böyük önəm verdiyini diqqətə çatdırdı: “Cənab Prezident Azərbaycanın bütün mənəvi dəyərləri ilə yanaşı, “Kitabi-Dədə Qorqud” dastanının da təbliğinin, öyrənilməsinin dünya mədəniyyəti xəzinəsinə daxil edilməsinin tərəfdarı və təşəbbüskarıdır. “Kitabi-Dədə Qorqud” abidəsinin açılış mərasimində cənab Prezident dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyasının əks olunduğunu qeyd edib”.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla ölkəmizdə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini qeyd etdi. Ötən ay Bakıda dünyanın məşhur qorqudşünas alimlərinin iştirakı ilə “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumunun keçirildiyini xatırladan natiq bu cür tədbirlərin daha geniş müstəvidə, regionlarda da təşkil ediləcəyini bildirdi.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev “Kitabi-Dədə Qorqud”: dilimiz, düşüncəmiz”, AMEA-nın müxbir üzvü Zemfira Səfərova “Kitabi-Dədə Qorqud”un musiqi dünyası” mövzularında məruzələrlə çıxış etdilər.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Əməkdar artisti Mehriban Zəki və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlunun iştirakı ilə “Kitabı-Dədə Qorqud” dastanından maraqlı bədii kompozisiyalar təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: