AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.
İclası institutun baş direktoru, Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
M.Mərdanov institutun şöbələrinin 2021-ci ilin 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatları təqdim edib, əldə olunmuş nəticələr, dərc edilmiş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verib. AMEA-da elmi jurnalların vəziyyəti haqqında danışan alim qeyd edib ki, Riyaziyyat və Mexanika İnstitutunda hazırlanan 3 jurnal “Scopus” bazasında impakt faktora malikdir. Həmçinin vurğulayıb ki, müəssisədə hazırlanan “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalları “Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” siyahısına daxil edilib.
İclasda cari nəticələr ötən ilin müvafiq dövrü ilə müqayisə edilərək kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ilin ikinci yarısında elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb. Bundan əlavə, 2020/2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına uyğun olaraq Riyaziyyat və Mexanika İnstitutuna qəbul olmuş doktorant və dissertantların fərdi iş planları müzakirə edilərək təsdiqlənib.
Sonda institutun yarımillik hesabatı geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.