AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil edilib.
Düşərgə 13-18 iyul tarixlərində rəsədxana əməkdaşı Sərxan Bağırlının rəhbərlik etdiyi “ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi”nin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi ilə əməkdaşlığı çərçivəsində baş tutub.
Təşəbbüsün məqsədi şəhid və qazi övladlarının yay tətilini səmərəli keçirməsi üçün onların əyləncəli və maarifləndirici mədəni istirahətinin təşkili olub.
Düşərgədə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Füzuli, Yevlax, Beyləqan, Salyan, Neftçala və Sabirabaddan olan 40 nəfər şəhid və qazi övladı iştirak edib.
Müxtəlif tədbirlər və ekskursiyalarla zəngin düşərgə çərçivəsində iştirakçılar əvvəlcə peşəkar bələdçilərin müşayiətilə Şamaxı Astrofizika Rəsədxanasının infrastrukturu ilə tanış olublar. ŞAR-ın muzeyində olan şəhid və qazi övladlarına buradakı eksponatlar haqqında ətraflı məlumat verilib. Müxtəlif meteorid nümunələri, 2 metrlik teleskopun ilkin idarəetmə qurğusu və digər eksponatlar iştirakçıların marağına səbəb olub.
Daha sonra ŞAR-ın konfrans zalında iştirakçılara elmi-populyar seminar təşkil edilib. Tədbir çərçivəsində rəsədxana əməkdaşları Əminə Hümbətova “Günəş sistemi cisimləri”, Aynur Abdulkərimova isə “İnsan və kosmos” mövzusunda maraqlı məruzələrini iştirakçılara təqdim ediblər. Məruzələr azyaşlı qonaqlar tərəfindən maraqla qarşılanıb və onların sualları cavablandırılıb.
Ekskursiya zamanı uşaqlar ŞAR teleskopları ilə də tanış edilib. ŞAR-ın 2 metrlik, 60 və 70 santimetrlik teleskopları haqqında ətraflı məlumat verilib, teleskopların iş prinsipi izah olunub. Nəzəri maarifləndirmədən əlavə olaraq düşərgə iştirakçıları ŞAR-ın 70 santimetrlik teleskopunda gecə müşahidəsində də iştirak ediblər.
6 günlük yay düşərgəsi çərçivəsində Şamaxının Dəmirçi kəndinə və Qəbələ rayonu Nohurgölə maraqlı ekskursiyalar da təşkil olunub. Dəmirçi kəndində Arxeologiya muzeyində tarixi eksponatlarla tanış olan iştirakçılar, Qəbələdə təbiət qoynunda istirahət ediblər.
Düşərgə boyunca şəhid və qazi övladlarına Kamal Yaşarın iştirakı ilə qiraət saatları təşkil edilib. İnteraktiv formada təşkil edilən qiraət saatlarında həm mütaliə edilib, həm də iştirakçılara qaranlıq qalan məqamlar izahlı şərh olunub.
Şəhid və qazi övladları üçün təşkil edilmiş yay düşərgəsinin son günündə iştirakçılar sertifikatlarla təltif edilib.
Qeyd edək ki, ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi noyabr ayından fəaliyyət göstərir. Layihədə 120 nəfərlik müəllim, psixoloq, loqoped və digər sahələrdən olan mütəxəssis heyəti ilə 200-dən çox şəhid və qazi övladlarına təmənnasız təhsil verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.