Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.06.2025 09:30
  • A-
  • A
  • A+

AMEA əməkdaşları üçün dövlət satınalma prosedurları ilə bağlı təlimlərə başlanılıb

AMEA əməkdaşları üçün dövlət satınalma prosedurları ilə bağlı təlimlərə başlanılıb

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA-nın Rəyasət Heyəti aparatının, həmçinin elmi müəssisə və təşkilatlarının dövlət satınalmaları ilə məşğul olan əməkdaşları üçün ilk dəfə olaraq təlimlərə başlanılıb.

Təlimlər Azərbaycan Milli Elmlər Akademiyası və “TST Təlim və Məsləhət” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir.

Bu sahədə peşəkar mütəxəssis olan Elçin Ərbəşiyev tərəfindən keçirilən təlimlərdə məqsəd dövlət satınalmaları sahəsində əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Həftə ərzində iki dəfə baş tutacaq təlimlərdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qüvvədə olan Qanununun tələblərinə uyğun qaydada ətraflı məlumat verilir. Təlim proqramı çərçivəsində iştirakçılara dövlət satınalmalarının hüquqi əsasları, satınalma planlarının hazırlanması, tender prosedurlarının mərhələləri, qiymətləndirmə meyarları, elektron satınalma sistemlərindən istifadə barədə geniş məlumat verilir. İnteraktiv formatda keçirilən təlimlərdə iştirakçılara real praktik nümunələr göstərilir və müzakirələr aparırlar.

Son illərdə dövlət satınalmaları sahəsində normativ hüquqi aktlarda edilmiş bir sıra yeniliklərin tətbiqi əməkdaşlardan daha yüksək peşəkar yanaşma tələb edir. Bu baxımdan, təlimlərin təşkili həm hüquqi mexanizmlərin daha yaxşı mənimsənilməsi, həm də praktiki biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Təlim müddəti bir ay davam edəcək və yekunda iştirakçılar öyrəndikləri nəzəri biliklər əsasında imtahan verəcəklər. İmtahanda təqdim olunacaq suallar üzrə 60%-dən yuxarı nəticə göstərənlərə iştirak etdiyi tədbirə/təlimə dair tamamlama sertifikatı, 75%-dən yuxarı nəticə göstərənlərə isə fərqlənmə ilə tamamlama sertifikatı təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: