22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür.
Tanınmış mütəfəkkir və ictimai xadim Həsən bəy Zərdabinin doğma xalqı qarşısında ən dəyərli xidməti ilk milli mətbuat orqanı olan “Əkinçi” qəzetinin nəşri idi. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Bu vacib tarixi hadisənin əhəmiyyəti olduqca böyükdür. Mətbuatımızın ilk “qaranquş”u olan bu qəzetin milli şüurun, özünüdərkin təşəkkülündə rolu əvəzsizdir. İki ildən artıq bir müddətdə xeyli əzab və məşəqqətlərlə həmin nəşri təkbaşına ərsəyə gətirən cəfakeş, mətin insan- Həsən bəy Zərdabi ətrafına görkəmli yaradıcı adamları – Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Korani kimi şəxsiyyətləri toplayaraq “Əkinçi” qəzetini daha da inkişaf etdirmişdi.
Bu gün inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir.
Qeyd edək ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi fond şöbəsində Həsən bəy Zərdabinin ömrünün son günlərində çəkilmiş fotoşəkili (İnv. 378/29, pasportu üzərində 1907-ci il) qorunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.